Hüquqi yardım

Əmək münasibətlərinə xitam verilərkən işçilərin nə kimi təminatları var?
22 Sen

Əmək münasibətlərinə xitam verilərkən işçilərin nə kimi təminatları var?

İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verildikdə işçilərin nə kimi təminatları vardır?

işçinin işdən azad edilməsi ilə bağlı təminatları

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işəgötürən tətəfindən əmək münasibətlərinə xitam verilərkən İşdən çıxarılmış işçiyə edilən ödənişlər növbətilərdi:

  • işçinin işdən çıxarıldığı ayda işlədiyi günlərə görə verilən əmək haqqı

  • müəyyən hallarda işdən çıxarılan işçi (işçilərə) verilən işdənçıxarma müavinəti və digər ödənişlər

  • istifadə edilməmiş məzuniyyətə görə kompensasiya

1) İşdən çıxarıldığı ayda işçiyə işlədiyi günlərə görə əmək haqqı ödənilməlidir. Bu zaman əmək haqqı adi qaydada işçinin işlədiyi günlər əsasında hesablanır.

Məsələn, vəzifə maaşı 2200 manat olan işçi 10 aprel tarixində işdən azad olunur. Həmin ilin İstehsalat Təqviminə əsasən aprel ayında 22 iş günü var və işçi aprel ayının 7 gününü işləmişdir. Bu halda işçinin aprel ayında aldığı əmək haqqı aşağıdakı hesablama qaydasına uyğun olaraq 700 man olacaqdır.

2200 man. / 22 gün * 7 gün = 700 man.

2) İşçi müəssisənin ləğv edilməsi və işçilərin sayı və ya ştatların ixtisar edilməsinə görə işdən çıxarıldıqda işəgötürən tərəfindən işdənçıxarma müavinəti ödənilir və bu müavinətin məbləği əmək stajının müddətindən asılı olaraq dəyişir:

  • 1 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında

  • 1 ildən 5 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında

  • 5 ildən 10 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında

  • 10 ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 2 misli miqdarında.

Məsələn, 1 ilədək əmək stajı olan işçi müəssisənin ləğvi səbəbindən işdən çıxarılsa, bu zaman işdənçıxarma müavinəti onun orta aylıq əməkhaqqına bərabər olacaqdır.

Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilən, hərbi və ya alternativ xidmətə çağırılan, əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirmə ilə əlaqədar işdən çıxarılan işçiyə orta aylıq əmək haqqının azı 2 misli miqdarında işdənçıxarma müavinəti verilir.

Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilən müəssisə rəhbərinə, onun müavinlərinə, baş mühasibə və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmə rəhbərlərinə və həmçinin işçinin vəfatı ilə əlaqədar vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilir.

3) İşçinin işdən çıxma və ya çıxarılma əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi (kompensasiya) verilməlidir.

Əmək Məcəlləsi bu təminatlardan başqa işçilərin ixtisarı zamanı işdə saxlamağa üstünlüyü olan şəxslərin, həmçinin əmək müqaviləsinin ləğv olunmasını qadağan edilən işçilərin və halların siyahısını da müəyyən edir.

İşçilərin ixtisarı zamanı işdə saxlamağa üstünlüyü olan şəxslər kimlərdir?

Daha yüksək peşəkarlıq səviyyəsinə malik işçilər ixtisar zamanı işdə saxlamağa üstünlüyü olan şəxslərdir.

İşçilərin peşəkarlıq səviyyəsi eyni olduqda isə işəgötürən şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əsgərzabitlərin arvadına (ərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara, xüsusi məcburi köçkün və ya onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə üstünlük verir.

Hansı hallarda və kimlərə münasibətdə işəgötürən əmək müqaviləsini ləğv etməməlidir?

  • İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınlarla, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən və əmək qabiliyyətini müvəqqəti itirən işçilərilə bağlanmış əmək müqaviləsinə xitam verilməməlidir.

  • İşçinin şəkərli diabet və ya dağınıq skleroz xəstəsi olması və işçinin öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olması kimi hallar mövcuddursa, belə hallar işgötürənin işçilərlə bağlanmış əmək müqavilələrini ləğv etməsini istisna edir.

  • Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsi (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) ilə müəyyən edilmiş əsaslarla ləğv edilə bilməz.

Lakin müəssisənin ləğv edilməsi və müddətli əmək müqaviləsinə xitam verilmə kimi əsaslar olduqda sadaladığımız növ şəxslər və hallarda belə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər.

#əmək # müqavilə # əmək müqaviləsi # xitam # işçi # əmək hüququ # əmək məcəlləsi işdən azad olunma # əmək mecellesi # əmək müqaviləsi haqqında # azərbaycan respublikasının əmək məcəlləsi # azərbaycan respublikası əmək məcəlləsi

Şərh yaz