Kontak Home mağazasına qarşı olan uğurla yekunlaşdırdığım məhkəmə işimi sizə təqdim edirəm.
Vəkili olduğum Dünyamalıyeva Qəndaf Kontakt Home mağazasından kreditə mebel dəsti almışdır. Müştəri aldığı mebel dəstində qüsur (defekt) aşkar etdiyi üçün onu geri qaytarmaq və ya dəyişdirmək istəsə də, mağaza qüsurlu malı geri qaytarmaqdan və ya onu təzəsi ilə əvəz etməkdən imtina etmişdir. Müştəri müəyyən müddətdən sonra qüsürlu mala görə krediti ödəməyi dəyandırmış və buna görə də mağaza vətəndaşı məhkəməyə verərək ondan 3230 manat pul tələb etmişdir.
Müştəri mənə müraciət etdikdən sonra iş üzrə qarşılıqlı iddia ərizəsi verilmiş və bunun nəticəsində müştərinin xeyrinə aşağıda göstərilən qətnamə qəbul edilmişdir
Azərbaycan Respublikası adından
Bakı şəhəri İş № 2(011)-47/2021 11.03.2021-ci il
Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi,
İlkin iddia üzrə iddiaçı “ABC-Telecom” MMC-nin nümayəndəsi Aslanov Rəşad Mahir oğlunun,
Qarşılıqlı iddia üzrə iddiaçı Dünyamalıyeva Qəndəf Ədalət qızının və onun vəkili və nümayəndəsi İsmayılzadə Qulam Azər oğlunun iştirakı ilə,
İlkin iddia üzrə iddiaçı “ABC-Telecom” MMC-nin ilkin iddia üzrə cavabdeh Dünyamalıyeva Qəndəf Ədalət qızına qarşı pul tələbinə dair ilkin iddia ərizəsi;
Qarşılıqlı iddia üzrə iddiaçı Dünyamalıyeva Qəndəf Ədalət qızının qarşılıqlı iddia üzrə cavabdeh “ABC Telecom” MMC-yə qarşı müqavilə qiymətinin azaldılması, müqaviləyə xitam verilməsi və maddi və mənəvi ziyanın ödənilməsinə tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq
müəyyən etdi:
İlkin iddia üzrə iddiaçı “ABC-Telecom” MMC cavabdeh Dünyamalıyeva Qəndəf Ədalət qızına qarşı “pul tələbi” ilə məhkəməyə müraciət edərək, “Nuans” yataq mebelin və “Uretan” döşəyin (160x200sm) dəyərinə görə 2483 manat ödənilməmiş hissə, 747 manat dəbbə pulu, ümumilikdə 3230 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3260 manat məbləğində pulun cavabdeh Dünyamalıyeva Qəndəf Ədalət qızından alınaraq “ABC-Telecom” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Dünyamalıyeva Qəndəf Ədalət qızı ilə “ABC Telekom” MMC arasında bağlanılmış 27.10.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh “Nuans” (krem başlıqlı) markalı yataq və “Uretan” (160x220sm) markalı döşək almış və nəticədə onun iddiaçı qarşısında 3230,0 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4482 manat olan “Nuans” (krem başlıqlı) markalı yataq və “Uretan” (160x220sm) markalı döşək üçün ümumilikdə 3230 manat olmaqla, ondan 2483 manat ödənilməmiş hissə, 747 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1999 manat təşkil edir. Hazırda cavabdeh öhdəliklərini icra etmir.
İlkin iddia üzrə cavabdeh Dünyamalıyeva Qəndəf Ədalət qızı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh “ABC Telecom” MMC ilə arasında bağlanmış 27.10.2017-ci il tarixli, A0271553 saylı müqavilədə göstərilən “Nuans” yataq dəsti və “Uretan” döşəyin satış qiyməti, mebellərin köhnə və qüsurlu olduğuna görə, azaldılaraq 1999 manat məbləğində müəyyən edilməsi, həmin müqavilə üzrə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh tərəfindən öhdəliyin tam icra edildiyi üçün 27.10.2017-ci il tarixli müqaviləyə xitam verilməsi, hüquqlarının bərpası ilə bağlı çəkdiyi 110 manat və 1000 manat məbləğində mənəvi ziyanın, müstəqil ekspertizaya xərclədiyi 200 manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamənin qəbul edilməsini xahiş etmişdir.
Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “ABC Telecom” MMC ilə bağladığı müqaviləyə əsasən Kontakt Home mağazasından Nüans Yataq (krem başlıqlı) və Doshek Uretan (160x200sm) mebel almışdır. Həmin mebel dəstinə 2 tumboçka, 1 güzgü, 1 güzgü altı tyurmo, 1 paltar şkafı və 1 yataq çarpayısı daxildir. O, cavabdehlə müqavilə bağlayarkən ondan təzə mebel almaq məqsədi olub. Lakin, həmin mebel dəstini aldıqdan sonra onun üzərində qüsurlar aşkar etmişdir. Belə ki, ona təzə adı ilə satılan mebelin boyası tökülür və mebeldə çürümə baş verir. Mebelin bir çox yeri sonradan boyalanıb və həmin boyalanan yerlər digər yerlədən çox seçilir. Həmin qüsurların aradan qaldırılması üçün dəfələrlə Kontakt Home mağazasına müraciət etmiş və mebel dəstinə daxil olan termo və güzgü dəfələrlə yenidən boyanmaq üçün Kontakt Home mağasaının ustaları tərəfindən aparılıb. Dəstə daxil olan paltar şkafı isə ümumiyyətlə keyfiyyətsiz qüsurlu və köhnə çürük mebeldir. Onu Kontakt Home mağazasının əməkdaşları ümumiyyətlə müraciətinə baxmayaraq təmir etməyiblər. Termoların da üstü bütün boya ləkələridir. O dəfələrlə “ABC Telecom” MMC-nin rəhbərliyinə mallarda həddindən artıq çox qüsurlar olduğu üçün onların yenisi ilə əvəz edilməsi ilə bağlı müraciət etsə də, cavabdeh bunu etməmiş yalnız köhnə mebeli yenidən boyamış və həmin boya yenidən tökülmüşdü. O müqavilənin şərtlərinin hər ay vaxtlı-vaxtında icra etmiş və ötən dövr ərzində cavabdehə cəmi 1999 manat ödəmişdir. Lakin, cavabdeh müqavilə üzrə öhdəliyin tam yerinə yetirmədiyi üçün və zəmanət dövründə mebeli yenisi ilə əvəz etmədiyi üçün o da ödənişlərini dayandırmışdır. Cavabdeh ona təzə mebelin əvəzinə köhnə mebeli boyayaraq satması ilə saxtalaşmaya yol vermiş və bununla da onun istehlakçı kimi hüquqlarını pozmuşdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “ABC-Telecom” MMC-nin nümayəndəsi Aslanov Rəşad Mahir oğlu, məhkəmə iclasında ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Dünyamalıyeva Qəndəf Ədalət qızının və onun vəkili və nümayəndəsi İsmayılzadə Qulam Azər oğlu məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsini xahiş etdi.
Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
Belə ki, iş materiallarından görünür ki, “ABC-Telecom” MMC ilə Dünyamalıyeva Qəndəf Ədalət qızı arasında bağlanmış 27.10.2017-ci il tarixli 0271553 nömrəli müqaviləyə əsasən “ABC Telecom” MMC “Nuans” yataq mebelini və “Uretan” markalı döşəyi (160x200sm) cavabdeh Dünyamalıyeva Qəndəf Ədalət qızına satmış və cavabdeh həmin əşyaya görə 0 manat ilkin ödəniş etməklə 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 249 manat məbləğində olmaqla, cəmi 4482 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilmiş 27.10.2017-ci il tarixli bildiriş və təhvil-təslim aktına əsasən məhsulun tam qüsursuz olaraq Dünyamalıyeva Qəndəf Ədalət qızına təhvil verildiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 07.01.2019-cu il tarixdə xəbərdarlıq məktubu göndərmişdir.
İş materiallarında olan 24.06.2019-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin “ABC Telecom” MMC-yə 27.10.2017-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borc üzrə 2483 manat, cərimə borcu üzrə 747 manat, cəmi 3230 manat məbləğində ödənilməmiş borcu vardır, cavabdehin cəmi ödədiyi məbləğ 1999 manat təşkil edir.
İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.10.2020-ci il tarixli 47/7 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 01 ədəd “Nuans” modelli yataq mebelinin materiallarında rəng qopuqları və rəngin alt hissəsində əlavə rəng ləkələri müəyyən edildi və bu qüsurun istehsal xarakterli olub- olmamağı, xərc və ya vaxt sərf etmədən onun aradan qaldırılmasını müəyyən etmək mümkün deyildir. Belə ki, həmin “Nuans” modelli yataq mebelinin hazırki bazar qiyməti 3050,0 manat və “Uretan” modelli döşəyin isə 100 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 120 manat təşkil edir.
“Məhkəmə Ekspertizası Xidmətləri” MMC-nin 12.02.2021-ci il tarixli 04-04/21 nömrəli ekspert rəyinə əsasən ekspert baxışına təqdim edilmiş bəyaz rəngli, 5 predmetdən ibarət yataq mebel dəstində mebelin keyfiyyətini, əmtəə-keyfiyyət göstəricilərini 30%-dək aşağı salan istehsal xarakterli qüsurlar aşkar olundu. Aşkar edilmiş qüsurlar rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Sualın tədqiqat hissəsində sadalanan istehsal xarakterli qüsurlara görə qiymətə 30% çıxılma tətbiq edilməklə, baxışa təqdim edilmiş yataq mebel dəstinin hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 2150,00 manat müəyyən edilir. Qeyd: Respublika bazarlarında mövcud olan qiymətlərdən, tələblə təklifdən, eləcə də qiymətə təsir edən digər amillərdən asılı olaraq yuxarıda müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Ekspertiza tədqiqatına Türkiyədə istehsal edilmiş Nüans Yataq (krem başlıqlı) mebel dəstinin etalon nümunəsi təqdim edilmədiyinə görə, tədqiq edilən yataq mebel dəstinin konktet istehsal yenini müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri olan 200 manat Dünyamalıyeva Qəndəf Ədalət qızı tərəfindən “Məhkəmə Ekspertizası Xidmətləri” MMC-yə ödənilmişdir.
Yuxarıda göstərilən xüsusatları nəzərə alaraq, məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Dünyamalıyeva Qəndəf Ədalərt qızının onunla qarşılıqlı iddia üzrə cavabdeh “ABC” Telecom” MMC arasında bağlanılmış 27.10.2017-ci il tarixli, A0271553 saylı müqavilədə göstərilən Nuans Yataq və Döshek Uretan mebellərinin satış qiyməti, həmin mebellərin köhnə və defektli olduğu üçün, azaldılaraq 1999 manat miqdarında müəyyən edilməsi tələbinə qiymət verərək, belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməlidir.
Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
Həmin Məcəllənin 589.7-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.
Həmin Məcəllənin 587.4-cü maddəsinə əsasən komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər.
Yuxarıda istinad edilən qanunvericilik normalarının müddəalarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, “ABC Telecom” tərəfindən Dünyamalıyeva Qəndəfə alqı- satqı müqaviləsi üzrə təqdim edilmiş yataq mebelində qüsurlar, əşyalar alıcıya verilənədək əmələ gəldiyindən, “ABC Telecom” MMC Dünyamalıyeva Qəndəfə lazımı keyfiyyəti olmayan əşyaları vermişdir. Belə olan halda Dünyamalıyeva Qəndəf Ədalət qızının alış qiymətinin qüsurlara mütənasib sürətdə azaldılmasını tələb etməkdə haqlıdır.
Lakin məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış 27.10.2017-ci il tarixli, A0271553 saylı müqavilə üzrə satılmış əşyaların qiyməti 1999 manat məbləğində deyil, 2150 manat məbləğində müəyyən edilməlidir.
Belə ki, mülki iş üzrə keçirilmiş ekspertizalar üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.10.2020-ci il tarixli, 47/7 nömrəli rəyində “Nuans” modelli yataq mebelinin hazırkı bazar qiymətinin 3050,0 manat məbləğində müəyyən edilmiş, “Məhkəmə Ekspertizası Xidmətləri” MMC-nin 12.02.2021-ci il tarixli, 04- 04/21 nömrəli ekspert rəyində “Nuans” modelli yataq mebel dəstinin orta bazar qiyməti 3070,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər iki qiymət qüsursuz, yeni yataq mebelinin dəyəridir. Lakin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya satılmış yataq mebeli dəstində qüsurların olduğunu nəzərə alaraq, “Məhkəmə Ekspertizası Xidmətləri” MMC-nin 12.02.2021-ci il tarixli, 04-04/21 nömrəli ekspert rəyində göstərilmiş qaydada 30 faiz çıxılma tətbiq edilməklə, dəstin qiyməti 2150 manatadək azaldılmalıdır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı Dünyamalıyeva Qəndəf Ədalərt qızının onunla qarşılıqlı iddia üzrə cavabdeh “ABC” Telecom” MMC arasında bağlanılmış 27.10.2017-ci il tarixli, A0271553 saylı müqavilədə göstərilən Nuans Yataq və Döshek Uretan mebellərinin satış qiymətinin, həmin mebellərin köhnə və defektli olduğu üçün azaldılaraq 1999 manat miqdarında müəyyən edilməsinə dair iddia tələbi qismən təmin edilməli, mebellərin satış qiyməti azaldılaraq 2150,0 manat məbləğində müəyyən edilməlidir.
Məhkəmə qarşılıqlı iddianın Dünyamalıyeva Qəndəf Ədalərt qızı ilə “ABC” Telecom” MMC arasında bağlanılmış 27.10.2017-ci il tarixli, A0271553 saylı müqavilə üzrə iddiaçı tərəfindən öhdəlik tam olaraq icra edildiyinə görə 27.10.20217-ci il tarixli müqaviləyə xitam verilməsi tələbinə qiymət verərək, belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir.
Belə ki, “ABC” Telecom” MMC arasında bağlanılmış 27.10.2017-ci il tarixli, A0271553 saylı müqavilə üzrə satın alınmış əmlakın qiyməti azaldılaraq 2150,0 manat məbləğində müəyyən edilsə də, Dünyamalıyeva Qəndəf tərəfindən müqavilə üzrə 1999,0 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçının müqavilə üzrə 151 manat məbləğində borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə üzrə öhdəlik Dünyamalıyeva Qəndəf tərəfindən tam icra edilmədiyindən müqaviləyə xitam verilməsi tələbi əsassızdır və təmin edilməməlidir.
Məhkəmə qarşılıqlı iddianın dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pulunun qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia bu hissədə təmin edilməməlidir.
Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.
Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən onun xeyrinə 500 manat məbləğində mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, qarşılıqlı iddia qeyd edilən hissədə təmin edilməməlidir.
Məhkəmə qarşılıqlı iddianın Dünyamalıyeva Qəndəf Ədalət qızının hüquqlarının bərpası üçün çəkdiyi xərcə görə 100 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Dünyamalıyeva Qəndəf Ədalər qızına ödənilməsi tələbi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilən məbləğ ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyinə görə qarşılıqlı iddia bu hissədə təmin edilməməlidir.
Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.
Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
Məhkəmə qarşılıqlı iddia Dünyamalıyeva Qəndəf Ədalət qızı tərəfindən müstəqil ekspertizaya keçirilməsi ilə bağlı xərclədiyi 200 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdeh “ABC Telecom” MMC-dən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsində qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən iddia bu hissədə təmin edilməməlidir.
Məhkəmə ilkin iddia üzrə iddiaya ilkin iddia üzrə cavabdeh Dünyamalıyeva Qəndəf Ədalət qızından ilkin iddia üzrə iddiaçı “ABC Telecom” MMC-nin xeyrinə 2483 manat əsas borc, 747 manat cərimə borcun tutulması tələbi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia bu hissədə qismən təmin edilməlidir.
Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı- satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalıq borc qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 151 manat məbləğinədək azaldığına görə ilkin iddia üzrə cavabdehdən 27.10.2017-ci il tarixli, A0271553 saylı müqavilə üzrə 151,0 manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir.
Məhkəmə ilkin iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, ilkin iddia qeyd edilən hissədə qismən əsaslıdır.
Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, ilkin iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığıdan tərəflər arasında bağlanılmış müqavilə üzrə dəbbə pulunun 747 manat məbləğində deyil, müqavilə üzrə əsas borcun azaldığını nəzərə alaraq 15 manat məbləğində müəyyən edilməsi məqsədəmüvafiq sayır.
Məhkəmə ilkin iddianın 30 manat məbləğində dövlət rüsumunun ilkin iddia üzrə cavabdehdən alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia qismən təmin edildiyindən ilkin iddia bu hissədə təmin edilməməlidir.
Məhkəmə, məhkəmə xərclərinə daxil olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertizanın dəyəri 120 manat ilkin iddia üzrə iddiaçı “ABC Telecom” MMC-yə aid edilməlidir.
Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir.
Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Qət etdi:
İlkin iddia qismən təmin edilsin.
Tərəflər arasında bağlanılmış 27.10.2017-ci il tarixli, A0271553 saylı müqavilə üzrə əsas borca görə 151,0 (yüz əlli bir) manat, cərimə borcuna görə 15 (on beş) manat, ümumilikdə 166 (yüz altmış beş) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdeh Dünyamalıyeva Qəndəf Ədalət qızından tutularaq iddiaçı "ABC-Telecom" MMC-yə ödənilsin.
İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin.
“ABC Telecom” MMC ilə arasında bağlanmış 27.10.2017-ci il tarixli, A0271553 saylı müqavilə üzrə satılmış “Nuans” yataq dəsti və “Uretan” döşəyin satış qiyməti azaldılaraq 2150,0 manat məbləğində müəyyən edilsin.
Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin.
Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova