Uğurlu işlər

Artıq ödənilmiş verginin geri qaytarılması

Artıq ödənilmiş verginin geri qaytarılması

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı olan uğurla yekunlaşdırdığım məhkəmə işimi sizə təqdim edirəm.

Vəkili olduğum “Master Makina” MMC 6.125,41 manat artıq  vergi ödəmişdir.  MMC tərəfindən dəfələrlə Vergilər Nazirliyinə (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) vergilər üzrə artıq ödənilmiş 6.125,41 manat məbləğində pulun geri qaytarılmasına dair ərizə verilsə də, həmin qurum yaranmış artıq vergi ödənişini MMC-yə geri qaytarmamışdır. Müştəri mənə müraciət etdikdən sonra iş üzrə iddia ərizəsi verilmiş və bunun nəticəsində müştərinin xeyrinə aşağıda göstərilən qətnamə qəbul edilmişdir:

 

 

    Azərbaycan Respublikası adından

 

QƏRAR

 

BAKI İNZİBATİ MƏHKƏMƏSİ

           Bakı şəhəri                                                                       İş № 2-1(112)-1857/2021                                                               24.05.2021-ci il

 

 

Hаkim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi,

iddiaçının nümayəndəsi (vəkili) İsmayılzadə Qulam Azər oğlunun, cavabdehin nümayəndəsi Xəlilov Nail Şubay oğlunun iştirakı ilə

 

İddiaçı “Master Makina” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi və gecikdirilmiş müddət üzrə faiz məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq,

 

M Ü Ə Y Y Ə N  E T D İ :

 

İddiaçı “Master Makina” MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi və gecikdirilmiş müddət üzrə faiz məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

İddia ərizəsində bildirilir ki, iddiaçı “Master Makina” MMC 2014-cü ilin aprel ayında təsis olunmuşdur. Fəaliyyət göstərdiyi dövr ərzində MMC hər ay vaxtı-vaxtında vergi hesabatını vermiş və vergiləri ödəmişdir. 2017-ci ilin aprel ayından “Master Makina” MMC- nin fəaliyyəti öz ərizəsinə əsasən rəsmi olaraq dayandırılmışdır. MMC-nin fəaliyyəti dayandırılmamışdan əvvəl onun əldə etdiyi gəlirləri ilə bağlı mənfəət vergisinin hesablanması üçün qaimə-faktura və təhvil-təslim aktı formasında AR Vergilər Nazirliyinin müvafiq orqanına hesabat təqdim edilmişdir. Lakin həmin hesabat e-qaimə formasında təqdim edilmədiyi üçün vergi orqanı onu qəbul etməmiş və nəticədə “Master Makina” MMC-yə əsassız olaraq kameral yoxlamadan sonra 7.535,72 manat vergi borcu hesablamışdır. Hesablanmış artıq vergi borcunun azaldılması üçün 5 iyul 2019-cu il tarixdə MMC tərəfindən AR Vergilər Nazirliyinə inzibati icraat qaydasında müraciət edilmişdir. Bu müraciətdən sonra Vergilər Nazirliyi qeyd olnan məsələni araşdıraraq şəxsi vərəqəyə azalma vermiş və nəticədə vergilər üzrə 6.125,41 manat artıq ödəniş yaranmışdır (4 oktyabr 2019-cu il tarixli 1917020049210200 saylı qərar). Bundan sonra, MMC tərəfindən dəfələrlə Vergilər Nazirliyinə (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) vergilər üzrə artıq ödənilmiş 6.125,41 manat məbləğində pulun geri qaytarılmasına dair ərizə verilsə də, həmin qurum yaranmış artıq vergi ödənişini MMC-yə geri qaytarmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 24.0.10-cu maddəsinə əsasən isə vergi orqanının vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vəzifəsi vardır. Həmin Məcəllənin 69.3-cü maddəsində qeyd edilmişdir ki, müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) odəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Yaranmış artıq vergi ödənişinin geri qaytarılması ilə bağılı ilkin ərizə 9 aprel 2020-ci il tarixdə təqdim edilmişdir. Göstərilənlərə və İPM-in 2.2.3-cü maddəsinə əsaslanaraq, iddiaçı tərəfindən artıq ödənilmiş 6.125,41 manat vergi məbləğinin qaytarılması barədə rəy tərtib edərək AR Maliyyə Nazirliyinə göndərilməsi və artıq ödənimiş həmin məbləğin qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.

Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İPM-in 47 – 48-ci maddələrinə uyğun olaraq iddia ilə bağlı təqdim olunmuş məktubunda aşağıdakılar bildirilmişdir:

- İddia ərizəsində qeyd edilənlərə etiraz olunur. Araşdırma zamanı məlum olmuşdur ki, "Master Makina" MMC (VÖEN: 1502551871) 6.125,41 manat məbləğin qaytarılması barədə 21 fevral 2020-ci il tarixli ərizəsi ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə müraciət etmişdir. Müraciətə baxılarkən vergi orqanında olan uçot baza məlumatlarına əsasən 7 aprel 2017-ci il tarixdə vergi ödəyicisinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, həmin tarixdən sonra 8.795,71 manat məbləğində elektron vergi hesab fakturaları əldə edilmiş və yaranmış kənarlaşma ilə bağlı vergi orqanı tərəfindən vergi ödəyicisinə 16 mart 2020-ci il tarixli uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlar MMC-nin vergidən yayınma halları kimi qiymətləndirilərək kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlərin təqdim edilməsi ondan tələb olunmuşdur. Ödəyici 24 aprel 2020-ci il tarixli təkrar müraciəti ilə 6.125,41 manat məbləğin geri qaytarılmasını tələb etmiş və 24 avqust 2020-ci il tarixli cavab məktubunda MMC tərəfindən təqdim edilmiş 9 aprel 2020-ci il tarixli ərizədə artıq ödəmənin yaranma səbəbində müəssisənin fəaliyyətinin dayandırılması və vergi məbləğinin düzgün hesablanmaması bildirilmiş, lakin araşdırma zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 20 fevral 2017-ci il tarixdə ödənilmiş 7.450,00 manat məbləğ 17 fevral 2017-ci il tarixdə təqdim edilmiş 2017-ci ilin yanvar ayı üçün cari “Əlavə dəyər vergisi bəyannaməsi” üzrə (8.237,53 manat ƏDV) yaranmış öhdəlik ilə əvəzləşdirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 177.1.2 və 177.1.3-cü maddələrinə əsasən vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. 2017010033537700 nömrəli 8 iyun 2020-ci il tarixli, 2017010033516600 nömrəli 9 iyun 2020-ci il tarixli və 2017010038327100 nömrəli 23 iyun 2020-ci il məktublara cavab olaraq 2019020731234000 nömrəli 30 iyun 2020-ci il tarixli və 2017020028569000 nömrəli 2 iyun 2020-ci il tarixli müraciətlərlə bağlı vergi ödəyicisinə müvafiq olaraq eyni məznumlu cavabların göndərilməsi bildirilmişdir. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması AR Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” qərarı ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən artıq ödəmələrin qaytarılması üçün vergi ödəyicisi tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət edilməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Qaydaların 6.1 -ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Qaydaların 6.3-cü maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Qaydaların 7.2-ci maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən bu məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsi və AR Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması Qaydaları» ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında, qaytarılacaq bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməklə) və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 16.1.6, 23.1.2, 24.0.1, 24.0.2, 36.2,   AR Mülki Prosessual Məcəlləsinin 76.1- ci maddəsinə əsaslanaraq, “Master Makina” MMC-nin iddiasının təmin edilməməsi barədə qərar çıxarııması məhkəmədən xahiş olunur.

Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) İsmayılzadə Qulam Azər oğlu iddia ərizsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Xəlilov Nail Şubay oğlu təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.

Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir.

Həmin Məcəllənin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqları sırasına daxildir.

Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət vergi orqanlarını müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan vergi orqanları təşkil edir.

Həmin Məcəllənin 24.0.10-cu maddəsinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur.

Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır.

Həmin Məcəllənin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) (və ya) məhkəməyə verilir.

Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

AR Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir.

Həmin Qaydaların 4.1-ci bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: (4.1.1) vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər, (4.1.2) vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər, (4.1.3) Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər.

Həmin Qaydaların 4.2.4-cü bəndinə əsasən vergi orqanları artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər.

Həmin Qaydaların 4.9-cu bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 nüsxədə rəy tərtib edirlər.

Həmin Qaydaların 4.10-cu maddəsinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən AR Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır.

Həmin Qaydaların 5.2-ci bəndinə görə mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizələrin surəti 5 və ya bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Həmin Qaydaların 5.3-cü bəndinə görə maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar sığortaedənin sosial təminatı və müdafiəni həyata keçirən orqanda qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər.

Qaydaların 6.1-ci bəndinə görə vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir.

Qaydaların 6.2-ci bəndinə görə vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir.

«İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən, o cümlədən cavabdeh tərəfin məhkəməyə təqdim olunmuş yazılı etirazından məlum olur ki, vergi ödəyicisi olan hazırkı iddiaçı “Master Makina” MMC-nin 6.125,41 manat məbləğində artıq ödədiyi vergi məbləği mövcuddur. Bu halı cavabdehin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında iddia ərizəsində göstərilənləri, o cümlədən hesablanmış vergi borcunun şikayət əsasında yuxarı vergi orqanı tərəfindən ləğv edilməsini təkzib etməməsi də təsdiqləyir.

Məhkəmə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokla Gəlirlər baş İdarəsinin iddiaçının qaldırdığı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması” məsələnin müsbət həllindən imtinasının formal mülahizələrlə əsaslandırıldığı qənaətinə gəlir və hesab edir ki, cavabdeh bu hərəkətlərlə «İnzibati icraat haqqında» AR Qanununun 13, 15, 17, 24-cü maddələrinin tələblərini pozmuşdur. Odur ki, iddia həmin hissədə əsaslıdır.

İddianın ikinci hissəsinə, yəni “artıq ödənilmiş məbləğin qaytarılmasında gecikdirilmiş müddət üzrə faiz məbləğinin ödənilməsi” hissəsinə gəldikdə isə, məhkəmənin qənaəti belədir ki, bu tələb birinci tələbdən asılı və törəmədir. İddiaçının artıq ödədiyi məbləğ yuxarıda qeyd olunan Qaydalarda nəzərdə tutulmuş minimum müddət (45 gün) ərzində qaytarılmadığından, iddiaçıya məbləğin qaytarılmasında gecikdirilmiş günlər üzrə 0,1% əlavə məbləğ ödənilməlidir. Bu səbəbdən də iddia həmin hissədə əsaslıdır.

İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

«Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər.

İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı “Master Makina” MMC tərəfindən artıq ödənilmiş 6.125,41 manat vergi məbləğinin qaytarılması barədə rəy tərtib edərək AR Maliyyə Nazirliyinə göndərilməsi və artıq ödənimiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır.

Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

 

Q Ə R A R A    A L D I :

  İddia təmin edilsin.

İddiaçı “Master Makina” MMC tərəfindən artıq ödənilmiş 6.125,41 manat vergi məbləğinin qaytarılması barədə rəy tərtib edərək AR Maliyyə Nazirliyinə göndərilməsi və artıq ödənimiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun.

Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

 

 Hakim:     Rüstəm Kərimli