Uğurlu işlər

Sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi

Sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi

"Azərsu" ASC-yə qarşı olan uğurla yekunlaşdırdığım məhkəmə işimi sizə təqdim edirəm.

Vəkili olduğum “Hayat Managment” MMC-yə  inventar aktı əsasında 135720 manat məbləğində borc hesablanmışdır. Lakin, tərtib edilmiş aktda qeyd edilən məlumatlar həqiqəti əks etdirmədiyi üçün müştərimə əsassız olaraq hesablanmış 135720 manat borcun silinməsi tələb edilmişdir.

Müştəri mənə müraciət etdikdən sonra iş üzrə iddia ərizəsi verilmiş və bunun nəticəsində müştərinin xeyrinə aşağıda göstərilən qətnamə qəbul edilmişdir:

 

Azərbaycan Respublikası adından

 

Q Ə T N A M Ə

 

Bakı şəhəri                  İş № e-2-2(113)-3680/2021                                   11.10.2021-ci il

 

BAKI KOMMERSİYA MƏHKƏMƏSİ

 

Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi,

İddiaçının nümayəndəsi və vəkili İsmayılzadə Qulam Azər oğlu, Cavabdehin nümayəndəsi Əliyeva Aytəkin Güləli qızının iştirakları ilə,

 

İddiaçı “Hayat Managment” MMC-nin cavabdeh “Azərsu” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,

 

MÜƏYYƏN ETDİ:

İşin halları:

İddiaçı “Hayat Managment” MMC (bundan sonra – iddiaçı) cavabdeh “Azərsu” ASC- yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 135720 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 2017-ci il tarixli MXD-3942 saylı akta əsasən iddiaçıya 135720 manat borc yazılmışdır. Belə ki, cavabdeh tərəfindən tərtib edilən aktda qeyd edilmişdir ki, iddiaçıya məxsus binanın qazanxanasına çəkilən xəttin diametri 125 mm bərabər olsa da, su istismarının hesablanması 50 mm diametri olan boruya uyğun olaraq hesablanmışdır. Bu səbəbdən də cavabdeh istismar edilmiş suyu 125 mm diametri olan boruya uyğun olaraq hesablamış və iddiaçının üzərinə 135 720 manata bərabər 67 860 kub metr sərfiyyat yazmışdır. Cavabdeh tərəfindən boruların heç birində hər hansı bir uyğunsuzluq aşkar edilməmişdir. Belə ki, şirkətlərinə məxsus qazanxanaya 125 mm diametrlik hər hansı boru gəlmir. Yalnız qazanxananın daxilinə qızdırma prosesi üçün 125 mm-lik sink (metal) trubalar istifadə olunur. Cavabdeh təşkilatın tərtib etdiyi akta əlavə olunmuş borunun fotoşəklindən görünür ki, qeyd olunan boru ümumiyyətlə 20 mm diametrdir. Bu isə bir daha onu sübut edir ki, tərtib edilmiş akt özündə həqiqəti əks etdirmir. Bundan başqa, qazanxananın yerləşdiyi binaya daxil olan su xəttinin üzərində su sayğacı 2012-ci ildə quraşdırılıb və hal-hazırda da mövcuddur. Ona görə də hər hansı bir sayğacdankənar istifadədən söz gedə bilməz.

Tərəflərin izahatı:

Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Q.İsmayılzadə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, aktda göstərilən boru xəttindən yalnız qazanxananın isidilməsi məqsədilə istifadə edilir, bundan əlavə, cavabdeh tərəfindən keçirilən yoxlama vahid dövlət reyestrində qeydə alınmamış, bu səbəbdən də həmin keçirilmiş yoxlama tamamilə qanunsuzdur.

Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Əliyeva iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yoxlama zamanı obyektin nümayəndəsi orada iştirak etmiş, aktı imzalamaqla orada yazılanları təsdiq etmişdir. Yoxlama zamanı aşkar edilmiş su borusu sayğacdan keçməmiş, lakin həmin xətdən sakinlər istifadə etdiyi üçün xətt ləğv edilməmiş, obyektin nümayəndəsinə həmin xəttin sayğaclaşdırılması təklif edilmişdir. Bundan əlavə, tərəflərindən keçirilmiş yoxlamanın vahid dövlət reyestrində qeydə alınmamasının səbəbini iddiaçının MTK fəaliyyəti ilə məşğul olması və sahibkarlıq subyekti olmaması ilə izah edir.

Sübutların tədqiqi:

Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş:

Cavabdeh tərəfindən tərtib olunmuş 29 may 2017-ci il tarixli MXD-3942 nömrəli inventar aktından görünür ki, Bakı şəhəri, Z.Əliyeva 55 ünvanında yerləşən MTK-nın qazanxanasına baxış keçirilən zaman məlum oldu ki, qazanxanaya daxil olan xəttin diametri 125 mm-dir.

Cavabdeh tərəfindən iddiaçının yerləşdiyi ünvana baxış keçirilməsi nəticəsində tərtib olunmuş 25 may 2017-ci il tarixli 2 nömrəli akta əsasən Bakı şəhəri, Z.Əliyeva 55 ünvanında yerləşən MTK-nın qazanxanasına daxil olan xətlər d=125 mm; d=50mm-lik. Həmin MTK-nın qazanxanasına d=50 mm-lik boru ilə aylıq hesabat gedib. D=125 mm-lik su xəttinin hesablanması və sayğacın qoyulması məqsədə uyğundur. Akt tərəflərin nümayəndələri tərəfindən imzalanmışdır.

25.05.2017-ci il tarixli iddiaçı tərəfindən tərtib olunmuş qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Z.Əliyeva 55 ünvanında yerləşən iddiaçı 67860 kubmetr miqdarında 135720 manat dəyərində sudan qeyri-qanuni istifadə etməklə “Azərsu” ASC-yə ziyan vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq olunmuş “Sudan İstifadə” Qaydalarının 8.7-ci bəndinə əsasən əlavə sərfiyyat hesablanmışdır. Dəymiş ziyanın məbləğinin abonent tərəfindən ödənilməsi məcburidir.

İddiaçı tərəfindən cavabdehə göndərilmiş 07.07.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçıya əsaslanmış 135720 manat borcun silinməsi tələb edilmiş, əks halda məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir.

Hüquqi dəyərləndirmə:

Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Z.Əliyeva 55 ünvanında yerləşən iddiaçıya məxsus ünvana baxış keçirilmiş, baxış nəticəsində həmin ünvanda yerləşən MTK-nın qazanxanasına daxil olan su xətlərinin diametri 50 mm-lik boru ilə getməli olduğu halda, 125 mm olan boru ilə getdiyi aşkar olunmuş, bu səbəbdən də iddiaçıya əlavə sərfiyyat yazılmışdır.

Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh tərəfindən akta fotoşəkillər və videoyazı əlavə edilsə də, göstərilənlərdə həmin boru xətlərinin məhz iddiaçıya məxsus ünvana aid olmasını, həmin boru xətlərindən qanunsuz istifadə edilib edilmədiyini müəyyən etmək olmadığından məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin   ümumi   qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Eyvaz Sadıx oğlu Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03.11.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).

Konstitusiya Məhkəməsinin   Plenumu   “F.Cavadov   və   V.Aslanovun   şikayəti   ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.12.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).

Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

Göründüyü kimi, cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

 

Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.

Məhkəmə cavabdehin yoxlamanın reyestrdə qeydiyyatdan keçirilməməsinin səbəbi kimi istinad etdiyi iddiaçının sahibkarlıq subyekti olmaması ilə bağlı dəlilini əsassız hesab edərək bildirir ki, internet vergi idarəsində kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına əsasən iddiaçının təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

43.5-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərinin fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarətdir.

64.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır.

64.3-cü maddəsinə əsasən təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər.

İşin yuxarıda qeyd olunan halları, habelə cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 135720 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.

Nəticə:

Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 135720 manat məbləğində borc silinməlidir.

MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

 

QƏT ETDİ:

İddia təmin edilsin.

İddiaçı “Hayat Managment” MMC-yə əsassız olaraq hesablanmış 135720 (bir yüz otuz beş min yeddi yüz iyirmi) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh “Azərsu” ASC-yə həvalə edilsin.

İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdeh “Azərsu” ASC-dən tutularaq iddiaçı “Hayat Managment” MMC-yə ödənilsin.

Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

 

Hakim Ülkər Həsənova