İşgüzar nüfuzun müdafiəsinə və mənəvi zərərin əvəzinin ödənilməsinə dair dair uğurla yekunlaşdırdığım məhkəmə işimi sizə təqdim edirəm.
Vəkili olduğum stomatoloq Abdurzayev A.A. ona müraciət edən Nəcəfov Z.Ə.-u razılaşdırılmış xidmət haqqı müqabilində müalicə etmişdir. Daha sonra cavabdeh əssassız oiaraq müxtəlif qurum və təşkilatlara həkim barəsində həqiqətə uyğun olmayan və onun işgüzar nüfuzunu ləkələyən məlumatları yaymağa başlamışdır. Müştəri mənə müraciət etdikdən sonra iş üzrə iddia qaldırılmış və bunun nəticəsində müştərinin xeyrinə aşağıda göstərilən qətnamə qəbul edilmişdir:
Azərbaycan Respublikası adından
Q Ə T N A M Ə
Bakı şəhəri İş № 2(004)-2449/2021 18.05.2021-ci il
Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı Abdurzayev Azər Aydın oğlunun, onun nümayəndəsi və eyni zamanda vəkili İsmayılzadə Qulam Azər oğlunun, cavabdeh Nəcəfov Zaur Ənvər oğlunun iştirakı ilə, İddiaçı Abdurzayev Azər Aydın oğlunun cavabdeh Nəcəfov Zaur Ənvər oğluna qarşı işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
İddiaçı Abdurzayev Azər Aydın oğlu cavabdeh Nəcəfov Zaur Ənvər oğluna qarşı işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İddia tələbi onunla əsaslandırmışdır ki, o, tanınmış diş həkimidir. O, öz fəaliyətini Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Davinçi Hospital” özəl tibb müəssisəsində həyata keçirir. 2020-ci ilin may ayında cavabdeh Nəcəfov Zaur Ənvər oğlu ona dişlərinin müalicə edilməsi üçün müraciət etmiş, o cavabdehin ağız boşluğuna baxış keçirdikdən sonra, ümumi görüləcək işlər barədə cavabdehə məlumat vermiş və tərəflər görüləcək müalicə və onun qiyməti barədə qarşılıqlı razılığa gəlmişdilər. Tərəflər razılığa gəldikdən sonra, onun tərəfindən cavabdehə növbəti müalicə göstərilmişdir: cavabdehin alt sağ tərəfdə olan 48,46 nömrəli, alt sol tərəfdə 36 nömrəli dişləri çürüdüyü səbəbindən həmin dişlər çəkilmişdir. Ağız boşluğunda sol tərəfdə sonda 38 nömrəli diş olduğuna görə (bu hüdudlanan qüsur adlanır) boşluqu doldurmaq üçün körpü hazırlamaq nəzərə alınmışdır, sağ arxa tərəfdə sağlam diş qalmadığına görə (bu hüdudlanmayan qüsur adlanır) ora körpü nazırlamaq mümkün olmamışdır. 35, 38 və 45 nörnrəii dişləri keramika altı üçün müalicə edilmişdir (keramika altına diş tacının hazırlanması Standard vəziyyətdən bir az fərqli olur, metal ştift bağlanır). 34 nömrəli dişi kanal müalicəsi edilmiş, ştiftlə möhkəmləndirib daimi plombla bərpa edilmiş və 1 aylıq çəkilmiş diş yerlərinin sağalması üçün müalicədə 1 aylıq fasilə edilmişdir. 1 ay sonra alt sol tərəfə 4 ədəd metal keramik diş olan körpü, sağ tərəfə isə 1 diş tacına keramik qapaq hazırlanmışdır. Üst sağ 13-cü dişdən 16-cı dişə də keramik körpü planlaşdırılırdı, Iakin16-cı dişin körpü üçün sağlam olmadığına görə edilməmişdir. 2020-ci ilin avqust ayında iş yekunlaşdırılmış və görülmüş müalicənin xərcləri aşağıda göstərilən mələği təşkil etmişdir: 5 ədəd metal keramika diş 150 manatdan = 750 manat; 3 ədəd böyük diş çəkimi 30 manatdan = 90 manat; 3 dişin qapaq altında bərpası 50 manatdan = 150 manat; bir dişin daimi bərpası 90 manat; ümumi diş daşı təmizlənməsi 60 manat, toplam bütün görülmüş müalicənin dəyəri 1140 manat təşkil etmişdir. Ümumi tanışları (Samir) olduğuna görə o, ümumi müalicə məbləğindən 140 manat güzəşt edərək 1000 manat ödənişə razı olmuşdur. Lakin cavabdeh imkanının olmadığını bildirdiyinə görə ona görülmüş işlərə görə 2020-ci ilin avqust ayında cəmi 900 manat pul ödəmişdir. Bunun üstündən bir neçə ay keçdikdən sonra 2020-ci ilin noyabr ayında cavabdeh onun işlədiyi klinikaya gələrək ödədiyi pulu geri istəmiş və sağ tərəfdə, körpü düzəltmək mümkün olmayan yerdə də implant edilməsini tələb etmişdir. Cavabdeh əks halda şikayət edəcəyini də bildirmişdir. O, edilmiş tələbin əsassız olduğunu bildirərək etdiyi müalicəyə görə edənilən pulu geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra cavabdeh əssassız oiaraq müxtəlif qurum və təşkilatlara onun barəsində həqiqətə uyğun olmayan və onun işgüzar nüfuzunu ləkələyən məlumatları yaymağa başlamışdır. Belə ki, cavabdeh müxtəlif qurumlara müraciət edərək onun tərəfindən düzgün müalicə aparılmaması nəticəsində onun 7 dişinin çıxarılmasının, həmçinin ondan 2000 manat pul alaraq cəmi 900 manat qəbz təqdim etdiyini bildirmişdir. Son olaraq cavabdeh bu əsassız müraciətini onun işlədiyi “Davinçi Hospital” klinikasına ünvanlamış və bununla da onun işlədiyi yerdə onun əmək Kollektivi arasında onun barəsində mənfi rəy yaratmaqla onun işgüzar nüfuzunun ləkələnməsinə səbəb olmuşdur. Bildirir ki, o, öz işində kifayət qədər peşəkar və öz kollektivində böyük hörmətə məxsus olan şəxsdir. Onun barəsində bu cür yalan məlumatın yayılması həm onun iş kollektivi arasında hörmətinin azalmasına, həm də onun peşəkarlığına kölgə sala bilər. Xatırlatmaq istəyir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsində qeyd edilmişdir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzıb olunmasım tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Eyni Məcəllənin 23.4-cü maddəsində qeyd edilmişdir ki, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin qeyd etmək istəyir ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 14.05.1999-cu il tarixli, 7 №-li qərarının 3- cü bəndinə görə Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Plenumun qərarında qeyd olunub ki, məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır, iddiaçının barəsində yayılmış məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yayan şəxsin - cavabdehin üzərinə düşür. Plenumun qərarında qeyd olunub ki, məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Cavabdeh yalan məlumatı iddiaçının işlədiyi yerin rəhbərliyinə ünvanlamaqdan yanaşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehsalat Bazarına Nəzarət Dövlət Xidmətinə, həmçinin Yasamal Rayon Prokurorluğuna ünvanlamışdır. Həmin qurumlardan da “Davinçi Hospital’ klinikasına sorğular göndərilmişdir. Plenum qərarında qeyd olunmuşdur ki, həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatın yayılması üsuluna uyğun olmalıdır. Beləliklə, məhkəmə qaydasında işgüzar nüfuzun müdafiəsinə başlamaq üçün 3 əsas elementin hər üçü birlikdə mövcudur və onlar aşağıdakılardır: məlumatlar işgüzar nüfuzu ləkələyən olmalıdır - o peşəkar, tanınmış, oz əmək kollektivi arasında büyük nüfuza malik şəxsidir və onun düzgün müalicə aparmaması (cavadehin 7 dişinin lazımsız yerə çıxardılması) həmçinin maliyə fırıldağına yol verməsi (2000 manat ödəniş olan halda cəmi 900 manatın qəbzin ödəməklə vergidən yayınması haqqında məlumat) haqqında yalan məlumat onun işgüzar nüfuzunu ləkələyir və əmək kollektivi arasında onun barədə mənfi rəy formalaşdırır. Həmin məlumatlar yayılmalıdır - yalan məlumat onun işlədiyi klinikanın rəhbərliyinə ünvanlanmışdır. Bundan başqa müxtəlif qurumlara ünvanan məlumatlar sonradan həmin qurumlar tərəfindən də onun işlədiyi klinikaya ünvanlanmış və onun özü və onun işlədiyi klinikanın rəhbərliyinə izahat verilməsi üçün Yasamal Rayon Prokurorluğuna çağırılmışdır. Məlumatlar həqiqətə uyğun olmamalıdır (və ya natamam olmalıdır) - qeyd olunan məlumatların heç biri həqiqətə uyğun deyil və heç bir sübutda öz əksini tapmır. Görülmüş müalicə və onun qiyməti barədə yuxarıda ətraflı məlumat göstərilmişdir. Qeyd etmək istəyir ki, həmin məlumatın yayılması onda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Bundan əlavə, o, öz hüquqularının müdafiəsi üçün 210 manat pul və 10 manat dövlət rüsumu xərcəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddiaçı Abdurzayev Azər Aydın oğlu barəsində “onun tərəfindən düzgün müalicə aparılmaması nəticəsində cavabdeh Nəcəfov Zaur Ənvər oğlunun 7 dişinin çıxarılmasının, həmçinin iddiaçının ondan 2000 manat pul alaraq cəmi 900 manat qəbz təqdim etməsi” haqqında məlumatın həqiqətə uyğun olmadığının müəyyən edilməsi; Nəcəfov Zaur Ənvər oğlu Abdurzayev Azər Aydın oğlunun yaşadığı ünvana məktub göndərməklə həmin məlumatı yaydığına görə ondan yazılı formada üzr istəməsi, mənəvi zərərin əvəzi kimi cavabdeh Nəcəfov Zaur Ənvər oğlundan 10000 (on min) manatın alınaraq iddiaçı Abdurzayev Azər Aydın oğluna ödənilməsi və pozulmuş hüquqların bərpası ilə bağlı iddiaçı tərəfindən xərclənmiş 210 manat pul və 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
Məhkəmə iclasında iddiaçı Abdurzayev Azər Aydın oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh yaxın dostunun bibisi oğludur və dostuna görə onu qəbul etmişdir. May ayında başladığı işi ləngimələrlə avqust ayında yekunlaşdırmışdır. Ümumilikdə gördüyü iş 1140 manat tutmuş, dostunun xətrinə 900 manata endirmişdir. O, cavabdehin 7 dişini deyil, ümumilikdə 3 dişini çəkmişdir. Bundan başqa onun işlədiyi klinikada görülmüş işlərə görə ödəniş sonda reseptiona edilir. Cavabdehin gəldiyi saatlar qeyri iş saatına düşdüyü üçün ödədiyi məbləğ sabahısı gün kassaya vurulmuşdur. Odur ki, cavabdehin onun barəsində yayıdığı yalan məlumatlara görə cavabdeh tərəfindən üzr istənilməsi qeyd edilməklə məktubun yazılaraq faktiki yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natavan 50/25 məh, bina 6, mənzil 127 ünvanına göndərilməsi, eyni zamanda iddia tələbinin qalan hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
İddiaçının onun nümayəndəsi və eyni zamanda vəkili İsmayılzadə Qulam Azər oğlu da, iddiaçı ilə oxşar məzmunlu izahat verərək, onun dediklərini təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh guya iddiaçıya 2000 manat versədə bunun əvəzində ona 900 manat məbələğində qəbz verilməsi barədə yalan məlumatlar yayaraq onun işgüzar nüfuzuna xələl gətirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
Məhkəmə iclasında iştirak edən cavabdeh Nəcəfov Zaur Ənvər oğlu iddia tələbinə etiraz edərək bildirdi ki, o, 2020-ci ilin avqust ayında "Davinçi Hospital" özəl tibb müəssisəsində həkim işləyən Azər Abdulrzayevə dişlərinin müalicə olunması üçün müraciət etmişdir. Azər Abdulrzayev dişlərini müalicə etmək əvəzinə onları çıxarmışdır. Ümumilikdə 7 (yeddi) dişini çıxarmış və onların yerinə 4 (dörd) ədəd implant diş qoymağı məsləhət bilmişdir. O, həmin müalicənin qiymətini soruşanda münasib qiymətə edəcəyini bildirmişdir. Bundan sonra müalicənin sonunda həmin dişlərin yerinə implant etməyini və bunun üçün 5000 (beş min) manat ödəniş etməyini bildirmişdir. O isə iddiaçıya dişlərin çıxarılması üçün 2000 (iki min) manat vermiş və implant üçün imkanının olmadığını demişdir. Eyni zamanda, qeyd edir ki, ödədiyi 2000 (iki min) manatın qəbzini yox, 900 (doqquz yüz) manatın qəbzini vermişdir. O isə iddiaçıdan ödədiyi 2000 (iki min) manatın qəbzini tələb etsə də, iddiaçı ona hazırda kassanın işləmədiyini bildirmişdir. Lakin bir müddət sonra başqa hospitala müraciət etdikdə ona bildirilmişdir ki, həkim tərəfindən dişlərinin çıxarılması düzgün olmamışdır, yəni dişlərini müalicə etmək əvəzinə onları çıxarmışdır. Bütün bu qeyd edilənlər nəticəsində ona 2000 manat maddi zərər dəymişdir. Odur ki, məhkəmədən iddia tələbinin əsassız olması səbəbi ilə rədd edilməsini xahiş edir.
Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəzirov Samir Qüdrət oğlu izahatında bildirmişdir ki, iddiaçı onun dostu, cavabdeh isə bibisi oğludur. O, bütün tanışlarına iddiaçını bir həkim kimi daima məsləhət görmüşdür. Sonuncu dəfə də, cavabdehin anası, yəni bibisinə dostunu məsləhət bilmiş və sonuncu da, dostunun xidmətlərindən istifadə edərək ondan razı qalmışdır. Bu səbəbdən də, cavabdehin anası öz oğluna iddiaçının yanına getməyi tövsiyə etmişdir. Ümumiyyətlə iddiaçı bütün işlərini yekunlaşdırdıqdan sonra görülmüş işlərin qiyməti barədə məlumat verir. Bibisi oğluna da, işlərini bitirdikdən son qiyməti bildirmişdir. Cavabdehin dişlərinin müalicəsinə ümumilikdə həkim tərəfindən 1140 manat qiymət qoyulmuşdur. O, iddiaçıya zəng edərək cavabdehə endirim etməsini xahiş etmiş, iddiaçı da öz növbəsində ona görə görülmüş işlər üçün ümumilikdə 900 manat istəmişdir. Bibisi oğlunu dediyinə görə bundan başqa qalan dişlərinində müalicəsi üçün 4000 manat civarında pul tələb edilirdi ki, cavabdeh də, imkanı olmadığı və qiymət qane etmədiyi üçün malicənin davam etdirilməsindən imtina etmişdir.
İş materiallarında olan:
Nəcəfov Zaur Ənvər oğlunun “Da Vinci” Hospitala ünvanladığı 17.02.2021-ci il tarixli ərizəsindən görünür ki, həkim Abdurzayev Azər Aydın oğlunun səhv müalicəsi nəticəsində ona vurulan maddi olaraq 2000 manat və mənəvi olaraq 15000 manat pulun ödənilməsinin təmin edilməsini xahiş etmişdir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Da Vinci” Hospitala ünvanladığı 20.10.2020-ci il tarixli məktubundan görünür ki, vətəndaş Zaur Nəcəfovun 12.10.2020-ci il tarixli müraciəti Dövlət Xidmətinə müraciət edərək stomotoloji xidmətlərdən istifadə etmək üçün Davinç hospitalında işləyən Azər həkimə müraciət etdiyini, ilkin olaraq müalicə üçün 900 manat və implant dişin alınması təklif ediiərək ümumilikdə 5000 manat vəsaitin tələb edildiyini, bu təkliflə razılaşmadığına görə həkim tərəfindən müalicənin davam etdirilmədiyini, bu barədə hospitalın rəhbərliyinə etdiyi müraciətlərin nəticəsiz qaldığını bildirərək, istehlakı hüquqlarının qorunmasına köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunanlarla əlaqədar, “Vətəndaşların müraciətləri haqqında” Azərbayca Respublikası Qanununun 7.9- cu maddəsinə əsasən müraciətdə göstərilən məsələni zərurət yarandığı təqdirdə vətəndaşın iştirakı ilə araşdırılaraq, qanunamüvafiq tədbirləri görülməsini və nəticəsi barədə məlumatın yeddi iş günündən gec olmayaraq iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş edilmişdir.
20.11.2020-ci il tarixli qəbzdən görünür ki, “Da Vinci Hospital” MMC-nin hesabına 900 manat məbləğində ödəniş edilmişdir.
Bakı şəhəri Yasamal Rayon Prokurorluğundan Nəcəfov Zaur Ənvər oğluna ünvanlanmış 30.10.2020-ci il tarixli məktubdan görünür ki, Nəcəfov Zaur Ənvər oğlunun 27.10.2020-ci il tarixdə rayon prokurorluğuna ünvanladığı şikayət ərizəsi sonuncunun öz ərizəsi əsasında 30.10.2020-ci il tarixdə baxılmamış saxlanılmışdır.
İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh Nəcəfov Zaur Ənvər oğlu “Davinçi Hospital” özəl tibb müəssisəsində diş həkimi işləyən iddiaçı Abdurzayev Azər Aydın oğluna dişlərinin müalicə edilməsi üçün müraciət etmiş, iddiaçı cavabdehin ağız boşluğuna baxış keçirdikdən sonra, ümumi görüləcək işlər barədə cavabdehə məlumat vermiş və tərəflər görüləcək müalicə və onun qiyməti barədə qarşılıqlı razılığa gəlmişdilər. Cavabdeh iddiaçıya ağız boşluğundan görülmüş işlərlə bağlı 900 manat məbləğində ödəniş etmişdir. Daha sonra cavabdeh iddiaçı barədə onun işlədiyi “Davinçi Hospital” özəl tibb müəssisəsinə və eləcə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ərizə ilə müraciət edərək, həkim Abdurzayev Azər Aydın oğlunun səhv müalicəsi nəticəsində ona vurulan maddi olaraq 2000 manat və mənəvi olaraq 15000 manat pulun ödənilməsinin təmin edilməsini xahiş etmişdir.
Şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir birini tamamlayan anlayışlardır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş, ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına faydasız yerə zaman, qüvvə və vəsait sərf olunmasının qarşısı alına bilər. Beləliklə, ilk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt müəyyən olunmalıdır. Müdafiə subyektləri həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayılmasına görə mülkihüquqi məsuliyyətə cəlb olunmalı şəxslər və müvafiq müdafiə hüququ olan şəxslərdir. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddianı barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayıldığını hesab edən şəxslər qaldıra bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14.05.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”.
Mülki Məcəllənin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, layaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
İşin hallarından görünür ki, cavabdeh, iddiaçının iş yerinə və digər Dövlət qurumlarına göndərdiyi məktublarda onun barəsində işlətdiyi yuxarıda göstərilən məlumatların (2000 manat ödədiyi halda, bunun müqabilində ona 900 manat ödəniş edilməsinə dair qəbz verilməsi) həqiqətə uyğun olması barədə məhkəməyə hər hansı dəlil təqdim etməmişdir.
Bunun əksi olaraq iş materialları, eləcə də, şahid ifadəsi ilə cavabdehin iddiaçıya görülmüş müalicə nəticəsində ona edilmiş endirim də, nəzərə alınmaqla ümumilikdə 900 manat məbləğində pul ödənilməsi, həmin pulun müqabilində də ona kassa çekinin verilməsi, sonrakı görülməli olan işlərin məbləğinin cavabdehi qane etməməsi səbəbindən isə həmin müalicənin aparılmaması müəyyən edilmişdir.
İşin bu halı həmçinin cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış ərizəsi ilə də təsdiq olunur.
Belə ki, cavabdeh tərəfindən həmin ərizədə o, stomotoloji xidmətlərdən istifadə etmək üçün Davinç hospitalında işləyən Azər həkimə müraciət etdiyini, ilkin olaraq müalicə üçün 900 manat ödəniş etdiyi bildirmişdir.
Mülki Məcəllənin 23.2-ci maddəsinə görə əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməli, cavabdehin iddiaçının işlədiyi “Davinçi Hospital” özəl tibb müəssisəsinə və eləcə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlamış olduğu ərizələrdə iddiaçı barəsində verdiyi məlumatlar həqiqətə uyğun olmayan, onun işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunmaqla, onun üzərinə iddiaçının yaşadığı ünvana üzr istəməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsi qoyulmalıdır.
Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, belə tələblər yalnız, müxtəlif orqanlara müraciət olunmasının heç bir əsası olmadığı, hüququn və qanunla qorunan maraqların müdafiəsi məqsədi ilə deyil, yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə müraciət edildiyi, yəni hüquqdan sui-istifadə olunduğu müəyyən edildiyi halda təmin oluna bilər; çünki istənilən subyektiv hüququn hüdudları vardır. İstənilən subyektiv hüququn ayrılmaz xassəsi subyektiv hüququn məzmununa və onun həyata keçirilmə üsuluna aid olan müəyyən sərhədlərin olmasıdır. Subyektiv mülki hüququn xarici və daxili həyata keçirilmə sərhədlərinin yoxluğu onu özbaşınalığa çevirir, buna görə də hüquqdan sui- istifadənin hüquqi mahiyyəti obyektiv olaraq subyektiv mülki hüququn özünün nəzəri konsepsiyasından birbaşa asılıdır. İctimai münasibətlərin mülki-hüquqi tənzimlənməsinin əsas etibarilə dispozitiv təmayüllü olmasına baxmayaraq, belə azadlıq imperativ hüquq normalarının köməyi ilə əmlak dövriyyəsinin digər iştirakçılarının subyektiv maraqlarının sərhədini tanımalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsində də təsbit edilmişdir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquqdan sui-istifadə (lat.aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur.
Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir. Bir qayda olaraq, hüquqdan sui-istifadə subyektiv hüquqdan bu hüququn sərhədlərini pozmaqla istifadə etməkdir. Subyektiv hüququn qanunla müəyyən olunmuş təsir hüdudlarından kənara çıxma müəyyən hüquqi nəticələrə gətirib çıxarır, bir şərtlə ki, səlahiyyətli hüquq- mühafizə orqanları bu faktı müəyyən etmiş olsun. Hüquqdan sui-istifadə kompleks hüquqi hadisə kimi qəbul olunmalıdır. Bir tərəfdən, bu hüquqi məhdudiyyət subyektiv mülki hüquqdan sui-istifadənin qadağan olunması şəklində yaradılmış hüquqi tənzimləmə elementidir. Bu qadağanın məzmunu heç nəyə baxmayaraq baş verməsi mümkün olan müəyyən davranış variantının hüquqi cəhətdən yolverilməzliyini göstərir. Mülki hüquqda bu hüquqi məhdudiyyət hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi şəklində öz ifadəsini tapır. Digər tərəfdən, bu fenomenin hüquqi təbiəti hüquqdan sui-istifadənin subyektiv mülki hüquq məhdudiyyətlərinə aid olunmasına dəlalət edir. Son kontekstdə hüquqdan sui- istifadə mülki hüquq subyektinin sosial və hüquqi məhdudiyyəti (buraya əxlaqi və hüquqi prinsipləri də aid etmək olar) subyektiv dərk etməsinə uyğun olaraq öz xüsusi hüquqi marağının təmin olunması üçün mülki hüququnu həyata keçirmə variantını seçərkən, yol verilən hərəkət sərbəstliyinin həddi rolu oynayır.
Məhkəmə hesab edir ki, subyektiv mülki hüquqdan sui-istifadənin müəyyən olunduğu təqdirdə, sui-istifadəyə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasına yardım edəcək sanksiyalar sui-istifadənin ümumi hüquqi nəticəsi olmalı, bu hərəkət həqiqətə uyğun olmayan hesab olunmalıdır.
Bununla belə məhkəmə, iddiaçının mənəvi ziyan tələbini əsaslı hesab etmir; belə ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”
Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.
“Kletsova Rusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli Qərarında Avropa İnsan Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.
Məhkəmə cavabdehin üzərinə üzr istəmə vəzifəsinin qoyulmasını iddiaçının ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir.
Həmin hissədə məhkəmə iddia tələbini təmin etməyərkən eyni zamanda qeyd edir ki, həmin məlumatların yayılması nəticəsində onun işgüzar nüfuzuna hansı şəkildə xələl gəlməsi, eləcə də bununla əlaqədar əldən çıxmış fayda ilə də bağlı məhkəməyə hər hansı bir sübutlar təqdim etməmişdir.
Məhkəmə iddia tələbinin hüquqi xidmət üçün ödənilmiş 210 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehdən 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Nəcəfov Zaur Ənvər oğlu tərəfindən iddiaçı Abdurzayev Azər Aydın oğlu barəsində “Da Vinci” Hospitala və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı “onun tərəfindən düzgün müalicə aparılmaması nəticəsində Nəcəfov Zaur Ənvər oğlunun 7 dişinin çıxarılması, həmçinin iddiaçının ondan 2000 manat məbləğində pul alaraq cəmi 900 manat qəbz təqdim etməsi barədə məlumatların həqiqətə uyğun olmayan məlumatlar hesab edilməklə, Nəcəfov Zaur Ənvər oğlunun üzərinə, tərəfindən iddiaçıdan üzr istənilməsi qeyd edilməklə məktubun yazılaraq Abdurzayev Azər Aydın oğlunun yaşadığı (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natavan 50/25 məh, bina 6, mənzil 127) ünvana göndərilməsi öhdəliyi qoyulmalıdır.
Hüquqi xidmətə görə 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh Nəcəfov Zaur Ənvər oğlundan tutularaq iddiaçı Abdurzayev Azər Aydın oğluna ödənilməlidir.
Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdeh Nəcəfov Zaur Ənvər oğlundan tutularaq iddiaçı Abdurzayev Azər Aydın oğluna ödənilməlidir.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
İddia qismən təmin edilsin.
Cavabdeh Nəcəfov Zaur Ənvər oğlu tərəfindən iddiaçı Abdurzayev Azər Aydın oğlu barəsində “Da Vinci” Hospitala və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı “onun tərəfindən düzgün müalicə aparılmaması nəticəsində Nəcəfov Zaur Ənvər oğlunun 7 dişinin çıxarılması, həmçinin iddiaçının ondan 2000 manat məbləğində pul alaraq cəmi 900 manat qəbz təqdim etməsi barədə məlumatların, həqiqətə uyğun olmayan məlumatlar hesab edilməklə, Nəcəfov Zaur Ənvər oğlunun üzərinə, tərəfindən iddiaçıdan üzr istənilməsi qeyd edilməklə məktubun yazılaraq Abdurzayev Azər Aydın oğlunun yaşadığı (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natavan 50/25 məh, bina 6, mənzil 127) ünvana göndərilməsi öhdəliyi qoyulsun.
Hüquqi xidmətə görə 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh Nəcəfov Zaur Ənvər oğlundan tutularaq iddiaçı Abdurzayev Azər Aydın oğluna ödənilsin.
İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdeh Nəcəfov Zaur Ənvər oğlundan tutularaq iddiaçı Abdurzayev Azər Aydın oğluna ödənilsin.
İddia tələbi qalan hissədə təmin edilməsin.
Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Toğrul Axundov