Kredit müqaviləsindən irəli gələn əsassız borc tələbinə dair uğurla yekunlaşdırdığım məhkəmə işimi sizə təqdim edirəm.
Vəkili olduğum Əhmədov Q.S. etibarnamə əsasında K.Hüseynova məxsus avtomobili digər bir şəxsə satmışdır. K.Hüseynov bildirmişdir ki, onunla Q.Əhmədov arasında olan razılaşmaya əsasən avtomobil satılana qədər və satıldıqdan sonra K.Hüseynovun banka olan borcunu Q.Əhmədov ödəməli idi, lakin buna dair heç bir sübut mövcud olmamışdır. Müştəri mənə müraciət etdikdən sonra iş üzrə iddia qaldırılmış və bunun nəticəsində müştərinin xeyrinə aşağıda göstərilən qətnamə qəbul edilmişdir:
Azərbaycan Respublikası adından
Qətnamə
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası
Bakı şəhəri 2(103)-3884/2020 19.08.2020-ci il
Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh Əhmədov Qismət Soltanağa oğlunun nümayəndəsi və vəkili İsmayılzadə Qulam Azər oğlunun iştirakı ilə,
Hüseynov Kərim Əhmədağa oğlunun Bank BTB Açıq Səhmdar Cəmiyyəti və Əhmədov Qismət Soltanağa oğluna qarşı “kredit müqaviləsindən irəli gələn borc tələbi”nə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7758/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq
Hüseynov Kərim Əhmədağa oğlu Bank BTB ASC və Əhmədov Qismət Soltanağa oğluna qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək cavabdeh Əhmədov Qismət Soltanağa oğlundan avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının, cavabdeh Bank BTB ASC-dən 10.000 manat dəymiş zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüseynov Kərim Bank BTB ASC-nin Premium filialında Bank BTB ASC ilə arasında bağlanmış 27.09.2012-ci il tarixli müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş Lexus LX 570 markalı, 2012-ci il buraxılışlı 10-RO-012 dövlət qeydiyyat nişanlı avtomaşına mülkiyyət hüququ əldə etmişdir, banka olan 88032 manat borcundan 44854 manat iddiaçı tərəfindən hissə-hissə vaxtından əvvəl ödənilmişdir, həmin avtomaşını Bakı şəhəri,Yasamal rayonu ərazisində yerləşən, cavabdeh Əhmədov Qismət Soltanağa oğlu tərəfindən istifadə edilən MİR avtosalonunda satışa qoyulan zamanadək onun Bank BTB ASC ilə arasında heç bir anlaşılmazlıq olmamışdır, banka olan öhdəliyini vaxtından əvvəl tamamilə ödəmək üçün mülkiyyətində olan Lexus LX 570 markalı avtomaşını 2014-cü ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən MİR avtosalonunda 100.000 ABŞ dollarına satışa qoymuşdur, razılıqlarına əsasən cavabdeh ilə birlikdə Bank BTB-yə gedərək həmin maşının üzərində olan nömrəsinin çıxarılması üçün DYP-ə məktub vermələrini xahiş etmişlər, cavabdeh Q.Əhədov avtomobili satılanadək aylıq ödənişlərin onun tərəfindən ödəniləcəyini və avtomobil satıldıqdan sonra qalan vəsaitləri bir dəfəyə ödəyəcəyini bildirmişdir, bank ona məktub vermiş və iddiaçı da məktubu DYP-ə təqdim etmək üçün Q.Əhədova vermişdir, nömrə dəyişildikdən sonra 2015-ci il fevral ayında Bank BTB ASCnin Premium Filialından ona zəng edilərək salon tərəfindən ödənişlərin edilmədiyini bildirmişlər, iddiaçı nə vaxtdan etibarən ödəniş ödənilmədiyini soruşanda, ona cavab olaraq 5 ay ödəniş edilmədiyi bildirilmişdir, ona həmçinin bildirilmişdir ki, onun tərəfindən vaxtından əvvəl və artıq ödəmələr olduğundan sistem həmin artıq ödəmələri silmişdir, K.Hüseynov bu barədə Q.Əhədov ilə əlaqə saxladıqdan sonra öyrənmişdir ki, Q.Əhədov maşını Rövşən İslamov adlı şəxsə satmış, lakin ona ilkin ödəniş olaraq 28.000 ABŞ dolları ödənilmişdir, yerdə qalan məbləğ isə 01 ay ərzində ödəniləcəkdir, K.Hüseynov Q.Əhədov ilə birlikdə banka getmiş və borc barədə arayış almış və avtomobili axtarışa vermişlər, Yol polisindəki kameralar vasitəsi ilə avtomobilin ölkədən çıxarılması və Gürcüstan Respublikası ərazisinə keçirilməsi onlara məlum olmuşdur, bu barədə Yasamal Rayon Polis İdarəsinə məlumat vermişlər, baş vermiş hadisə barədə cinayət işi başlanmışdır, Rövşən İslamov maşını alaraq sonradan adları istintaq orqanları vasitəsi ilə müəyyən edilmiş Anar Əliyev, Rəşad Dadaşov, Faiq Abdurəhmanovun köməyi ilə qaçaqmalçılıq yolu ilə ölkə sərhədindən kənara çıxarmaqla Gürcüstan Respublikasına aparmışdır və satmışdır, Yasamal Rayon Məhkəməsinin 17.06.2015-ci il tarixli qətnaməsi ilə iddiaçıdan ümumilikdə cəmi 65223.42 manat pul vəsaiti iddiaçıdan tutularaq Bank BTB ASC-yə verilməsi qət edilmişdir, göründüyü kimi o avtomobili Mir Avtosalonunu sahibinin qardaşı Q.Əhədova şifahi formada razılaşma əsasında satmışdır, Q.Əhədov isə maşını 100.000 ABŞ dolları dəyərində R.İsmayılov adlı şəxsə satmışdır, Rövşən isə həmin maşını başqasına satmışdır, dediyinə görə 28.000 ABŞ dolları almışdır, lakin o, əldə etdiyi puldan nə iddiaçıya nə də Bank BTB ASC-ə ödəməmişdir. Bunun nəticəsində ona 100.000 ABŞ dolları dəyərində maddi ziyan dəymişdir.
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7758/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır.
Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticə əsassızdır. Belə ki, yol polisində kameralar vasitəsi ilə avtomobilin ölkədən çıxarıldığnı, Gürcüstan ərazisinə keçirildiyini müəyyən etdildikdən sonra,bu barədə Yasamal Rayon Polis idarəsinə məlumat verilmiş və Yasamal Rayon Polis idarəsinin 150090203 nömrəli qərarı ilə iş üzrə cinayət işi başlanmışdır. Cinayət İşi üzrə Kərim Hüseyinov zərərərçəkmiş kimi tanınmışdır. Cinayət işi üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Rövşən İslamov maşını alaraq sonradan adları istintaq orqanları vasitəsi ilə müəyyən edilmiş gömrük orqanları əməkdaşları olan Anar Əliyev, Rəşad Dadaşov və Faiq Abdurəhmanovun köməyi ilə gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə ölkə sərhədlərindən kənara çıxarmaqla Gürcüstan Respublikasına aparmışdır və qeyd olunan mülki işlə əlaqədar əvvəlcədən cinayət işimövcud olduğundan məhkəmə tərəfindən müəyyən edilən iddia müddətinin ötürülməsi mövqeyi əsaslı deyil, qeyd olunan mülki işlə əlaqədar cinayət işinin mövcud olduğundan mülki işlə bağlı iddia 30.01.2019-cu iltarxində verilmişdir.
Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili F.Nəcəfov, apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin bankın nümayəndəsi apellyasiya şiakyətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə iclasında iştirak edən cavabdeh Qismət Əhmədovun nümayəndəsi və vəkili Q.İsmayılzadə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında bildirmişdir ki, tərəflər arasında heç bir rəsmi müqavilə və ya alqı-satqı müqaviləsi olmayıb, bunu təsdiq edəcək sübutlar da iş materiallarına əlavə olmamışdır, iddiaçı cavabdehə etibarnamə vermişdir, cavabdeh həmin etibarnamə əsasında iddiaçının iradəsini yerinə yetirmişdir, tərəflər arasında mübahisəli avtomobilə dair kreditin Q.Əhədov tərəfindən ödənilməsinə dair heç bir razılaşma olmamışdılr, cavabdeh bank BTB qarşısında krediti ödəyəcəyinə dair heç bir öhdəlik götürməmişdir, K.Hüseynov Q.Əhədova etibarnamə vermişdir, etibarnamə isə bir tərəfli əqd sayılır, beləcə Q.Əhədov da həmin etibarnamə əsasında K.Hüseynovun adından müvafiq hərəkətləri yerinə yetirmişdir, əgər K.Hüseynov avtomobili satma desə idi, Q.Əhmədov onu satmayacaqdı, həmçinin iddiaçı istənilən vaxt etibarnaməni ləğv edə bilərdi, lakin ləğv etməmişdir, bu isə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı həmin maşının satmasına öz etirazını bildirməmişdir, maşın hal-hazırda girovdadır, K.Hüseynov bankdan həmin krediti götürdüyü zaman da maşını öhdəliyin icrası üsulu kimi qoymuşdur, həmçinin K.Hüseynov həmin avtosalondan Range Rover Vogue markalı maşını götürərək, ilkin ödəniş kimi 28.000 dollar məbləğ ilə əvəzləşdirmişdir, avtosalon həmin maşınlara xidmət göstərir, bunun müqabilində ödəniş alması çox təbii bir haldır, iddiaçı özü də izahatında maşının sonuncu dəfə Rövşən tərəfindən satıldığını vurğulayır, belə olan halda Q.Əhədovun cavabdeh qismində cəlb olunmasını əsassız hesab edir. Cavabdehin nümayəndəsi izahatında, həmçinin, bildirdi ki, iddiaçı iddia ərizəsində hüquqlarının 2015-ci ilin fevral ayında xəbərdar olduğunu bildirir, belə olan halda hesab edir ki, hazırkı iş üzrə iddia müddəti tətbiq edilməlidir, Bank BTB ASC-nin iddiaçıya zəng edərək salon tərəfindən ödənişin edilmədiyini bildirdiyi gün məhz iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi gündür, iddia müddətinin axımı da həmin vaxtdan hesablanmağa başlanmalıdır, iddiaçı isə göstərilən mübahisə ilə bağlı 2019-cu ilin sentyabr ayında, yəni 4 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 17.06.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək 58463.22 manat əsas borc, 6460.20 manat faiz forcu, 300 manat cərimə olmaqla ümumilikdə 65223.42 manat məbləğində pul vəsaitinin cavabdeh Hüseynov Kərim Əhmədağa oğlundan tutularaq Bank BTB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 17.12.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 17.06.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, 58463.22 manat əsas borc, 6460.20 manat faiz forcu, 300 manat cərimə olmaqla ümumilikdə 65223.42 manat məbləğində pul vəsaitinin Kərim Hüseynovdan tutularaq Bank BTB ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-4892/17 saylı 11.07.2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 17.12.2016- cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
İş materiallarında olan ƏN-I 472589 saylı etibarnamənin surətindən görünür ki, etibar edənlər Hüseynov Kərim Əhmədağa oğlu və Əhədov Qismət Soltanağa oğlu daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri İslamov Rövşən Sükut oğluna etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti 10.12.2014-cü il tarixidir.
İş materiallarında olan ƏN-I 188500 saylı etibarnamənin surətindən görünür ki, Hüseynov Kərim Əhmədağa oğlu bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi Əhədov Qismət Soltanağa oğluna etibar etmişdir, etibarnamə 5 il müddətinə verilərək 10.12.2014-cü ilədək qüvvədə olmuşdur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməməsi barəsində düzgün nəticəyə gəlmişdir.
Belə ki, iddiaçı Kərim Hüseynov və Qismət Əhədov eyni vaxtda daşınar əmlakı idarə etmək, onun üzərində sərəncam vermək və s. səlahiyyətləri Rövşən İslamova etibar etmişlər və etibarnamələrin qüvvədə olmasının son müddəti 10.12.2014-cü il tarixidir, qanuni qüvvəyə minmiş 17.06.2015-ci il tarixli məhkəmə aktı ilə 58463.22 manat əsas borc, 6460.20 manat faiz forcu, 300 manat cərimə olmaqla ümumilikdə 65223.42 manat məbləğində olan pul vəsaitinin cavabdeh Kərim Hüseynovdan tutularaq Bank BTB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir, iddiaçı bankda girovda olan avtomobilin satılması barədə 2015-ci ilin fevral ayında məlumatlı olmuşdur. Bununla belə, cavabdehlər tərəfindən iddiaçıya 100.000 ABŞ dolları pul və mənəvi zərərə görə 10000 manat məbləğində ziyan dəyməsi, o cümlədən mübahisəli avtomobilin satılması ilə iddiaçıya dəymiş ziyana görə cavabdehlərin təqsirliliyi, həmçinin vəkalət əsasında tapşırığın düzgün icra olunmamasında Q.Soltanovun qəsdi və ya kobud ehtiyatysızlığı halları məhkəmə tərəfindən müəyyən olunmamışdır.
Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və iddia ərizəsində irəli sürdüklərini sübut edə bilməmişdir.
Kollegiya, digər cavabdeh Bank BTB ASC-yə qarşı iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisəli avtomobilin bankda girovu iddiaçının müqavilə əsasında bank qarşısında götürdüyü kredit öhdəliklərinin təmin edilməsi üsulu kimi çıxış etdiyindən və öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini həmin hissədə də təmin etməmişdir.
Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
Həmin Məcəllənin 460.2-ci maddəsinə əsasən, öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur.
Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində hüquqlarının 2015-ci ilin fevral ayında xəbərdar olduğunu etiraf etmiş, bununla belə 17.09.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdəm qeyd edir ki, cinayət işinin başlamsı hazırki iddia tələbi üzrə iddia müddətinin axımını kəsməmişdir.
Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tətbiq olunacaq hüquq, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir.
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin.
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7758/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.