Uğurlu işlər

Mənzildən istifadə hüququnun ləğv edilməsi və şəxsin qeydiyyatdan çıxarılması

Mənzildən istifadə hüququnun ləğv edilməsi və şəxsin qeydiyyatdan çıxarılması

Mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair dair uğurla yekunlaşdırdığım məhkəmə işimi sizə təqdim edirəm.

Vəkili olduğum Şıxəliyev Ə.N. ona mülkiyyət hüququ əsasında məxsus olan mənzilə rəsmi nikaha daxil olduqdan sonra həyat yoldaşını qeydiyyata salmış və ona həmin mənzildən istifadə hüququ vermişdir. Tərəflər arasında bağlanan rəsmi nikah pozulduqdan sonra cavabdehin həmin mənzildən istifadə hüququnun itirilməsini tanıtmaq zərurəti yaranmışdır. Müştəri mənə müraciət etdikdən sonra iş üzrə iddia qaldırılmış və bunun nəticəsində müştərinin xeyrinə aşağıda göstərilən qətnamə qəbul edilmişdir:

 

 

Azərbaycan Respublikası adından

                                                                                                                QƏTNAMƏ

Bakı şəhəri                                                                                         İş № 2(005)-4761/2019                                                                             03.12.2019

 

      BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ

Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı Şıxəliyev Əşrəf Nadir oğlunun və onun nümayəndəsi və vəkili İsmayılzadə Qulam Azər oğlunun iştirakı ilə, İddiaçı Şıxəliyev Əşrəf Nadir oğlunun cavabdeh Şıxəliyeva Gültəkin Sadiq qızına qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq

MÜƏYYƏN ETDİ:

 

İddiaçı Şıxəliyev Əşrəf Nadir oğlu cavabdeh Şıxəliyeva Gültəkin Sadiq qızına qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, o, keçmiş arvadı Şıxəliyeva Gültəkin Sadiq qızı ilə 01.12.2015-ci il tarixdə Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş şəhadətnaməyə əsasən rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra o, müvafiq orqana müraciət edərək cavabdehi öz arvadı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 0120108 saylı çıxarışına əsasən ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Murtuza   Nağıyev küçəsi ev 12 mənzil 10 ünvanına qeydiyyata salmaqla ona həmin ünvanda yaşamaq hüququ vermişdir. Rəsmi nikaha daxil olduqdan sonra bir müddət ərzində cavabdehlə bir yerdə yaşasalar da, 14 fevral 2017-ci il tarixdə cavabdeh həmin evi tərk edərək atası evinə gedib və bir daha geri qayıtmamışdır. Bunun məntiqi nəticəsi kimi də 25.04.2018-ci il tarixdə aralarında bağlanan nikah da rəsmi olaraq pozulmuşdur. Birgə nikahdan övladları yoxdur. Hal-hazırda cavabdeh onun ailə üzvü olmadığı üçün və onunla heç bir bağlılığı olmadığı səbəbindən ona məxsus evdə qeydiyyatda olması formal xarakter daşıyır. Cavabdehin onun evində qeydiyyatda qalması mülkiyyətində bağlı müstəqil sərəncam vermək hüququnu pozur. Belə ki, cavabdehin daimi yaşamaq üçün ünvanı var, artıq 3 ilə yaxındır ki, cavabdeh evi tərk etmiş, hətta cehizlərini və özünə məxsus əşyalarını da aparmışdır. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh Şıxəliyevə Gültəkin Sadiq qızının onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi ev 12-də yerləşəni 10 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab olunması və onun qeyd olundan ünvandan qeydiyyatdan çıxarılması, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə iclasında iddiaçı Şıxəliyev Əşrəf Nadir oğlu, onun nümayəndəsi və vəkili İsmayılzadə Qulam Azər oğlu ayrı-ayrılıqda iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər.

Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Şıxəliyeva Gültəkin Sadiq qızına məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı 0120108 nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 12 ünvanında yerləşən 10 saylı mənzili Şıxəliyev Əşrəf Nadir oğlunun adına qeydiyyatdan keçirilmişdir.

İş materiallarında olan Nərimanov Rayon qeydiyyat şöbəsi tərəfindən 25.04.2018-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Şıxəliyev Əşrəf Nadir oğlu ilə Şıxəliyeva Gültəkin Sadiq qızı arasında bağlanmış nikah 25.04.2018-ci il tarixdə 133 №-li akt qeydi ilə pozulmuşdur.

İş materiallarına əlavə edilmiş Bakı ŞƏhəri Nərimanov Rayon Məhkəməsinin 27.07.2017-ci il tarixli, 2(005)-2741/2017 saylı qətnaməsindən görünür ki, Şıxəliyev Əşrəf Nadir oğlu ilə Şıxəliyevə Gültəkin Sadiq qızı arasında 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-II № 056942 nömrəli şəhadətnaməyə əsasən bağlanmış və akt qeydləri kitabında 546 № ilə qeyd edilmiş nikah pozulmuşdur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir.

Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsindən göründüyü kimi, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır.

Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 12 ünvanında yerləşən 10 saylı mənzili Şıxəliyev Əşrəf Nadir oğlunun adına rəsmiləşdirilmişdir və onun xüsusi mülkiyyətindədir. Cavabdeh Şıxəliyeva Gültəkin Sadiq qızı ilə iddiaçı Şıxəliyev Əşrəf Nadir oğlu arasındakı nikah 27.07.2017-ci il tarixdə ləğv edilmişdir. Busəbəbdən də məhkəmə belə qənaətə gəlir ki, Şıxəliyeva Gültəkin Sadiq qızının Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 12 ünvanında yerləşən 10 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

 

QƏT  ETDİ:

İddia təmin edilsin.

Şıxəliyeva Gültəkin Sadiq qızının Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 12 ünvanında yerləşən 10 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin.

Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

 

  Hakim:   Kəmalə Əmirxanova