Uğurlu işlər

MTK-nın vətəndaşın evini digər şəxsə satması ilə bağlı uğurlu məhkəmə işi

MTK-nın vətəndaşın evini digər şəxsə satması ilə bağlı uğurlu məhkəmə işi

“Pilot İnşaat-A” MMC-yə qarşı olan uğurla yekunlaşdırdığım məhkəmə işimi sizə təqdim edirəm.

Vəkili olduğum Qədimov V.Ç. ilə “Pilot İnşaat-A” MMC  arasında  mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Bundan sonra, o, müqaviləyə görə ilkin ödəniş kimi hesablanmış 94 000 manat pulu nağd, qalan pulu isə hər ay ödəniş qrafikinə uyğun olaraq cavabdehə ödəmişdir. Sonradan ölkədə baş vermiş pandemiya nəticəsində ödənişi tam formada icra edə bilməmiş və cavabdehlə razılığa gəlmişdir. Lakin, sonradan cavabdeh müqaviləyə əsassz olaraq xitam vermişdir. Müştəri mənə müraciət etdikdən sonra iş üzrə iddia qaldırılmış və bunun nəticəsində müştərinin xeyrinə aşağıda göstərilən qətnamə qəbul edilmişdir:

 

 Azərbaycan Respublikası adından

 

Q Ə T N A M Ə

               Bakı şəhəri                                                                      İş № 2(006)-1611/2021                                                   26.08.2021-ci il

 

BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ

 

Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, iddiaçı Qədimov Vüqar Çingiz oğlunun və onun nümayəndəsi (vəkili) İsmayılzadə Qulam Azər oğlunun, cavabdehin nümayəndəsi Paşayev Etibar İbad oğlunun iştirakı ilə, iddiaçı Qədimov Vüqar Çingiz oğlunun cavabdeh “Pilot İnşaat-A” MMC-yə qarşı və müstəqil tələb irəli sürməyən 3- çü şəxs Məmmədli Cavid Əkrəm oğlu “müqavilənin ləğvinin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq

 

müəyyən etdi:

 

İddiaçı Qədimov Vüqar Çingiz oğlu iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “Pilot İnşaat-A” MMC ilə onun arasında 05.09.2017-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına” dair 2/23 nömrəli müqavilənin “Pilot İnşaat-A” MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsi əsassız hesab edilməsi və həmin müqavilənin qüvvədə qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh “Pilot İnşaat-A” MMC tərəfindən Bakı şəhəri, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.m mənzilin üzərinə həbs qoyulmuş və həmin əmlakın digər şəxslərə satılması və ya digər formada mülkiyyətinə verilməsi cavabdehə və digər şəxslərə qadağa edilmişdir.

Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli qərardadından narazı qalan “Pilot İnşaat-A” MMC şikayət vermişdir.

Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Bundan başqa maraqlarına toxunan şəxs Məmmədli Cavid Əkrəm oğlu da Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli qərardadından şikayət vermişdir.

Nəsimi Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qərardadı ilə Məmmədli Cavid Əkrəm oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

İddiaçının nümayəndəsi (vəkili) İsmayılzadə Qulam Azər oğlu iddia tələbinin artırılması haqqında ərizə təqdim edərək, “Pilot İnşaat-A” MMC ilə Qədimov Vüqar Çingiz oğlu arasında 05.09.2017-ci il tarixdə Bakı şəhəri Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.metr olan mənzil barədə “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına” dair 2/23 nömrəli müqavilənin “Pilot Inşaat-A” MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsi əsassız hesab edilməsi və həmin mənzil Qədimov Vüqar Çingiz oğluna qaytarılması, Bakı şəhəri Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.metr olan mənzilin hər hansı bir obyektiv səbəbdən Qədimov Vüqar Çingiz oğluna qaytarılması mümkün olmadığı təqdirdə həmin mənzilin faktiki bazar dəyəri 290 000 manat cavabdehdən tutularaq Qədimov Vüqar Çingiz oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə baxışı zamanı iddiaçı Qədimov Vüqar Çingiz oğlu iddianı müdafiə edərək izahatında göstərdi ki, “Pilot İnşaat-A” MMC ilə onun arasında 05.09.2017-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına” dair 2/23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh, onun tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.metr təşkil edən mənzili onun mülkiyyətinə verməli o, isə bunun əvəzində həmin təqdim edilən mənzilin dəyərini cavabdehə ödəmək vəzifəsini öz üzərinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra, o, müqavilənin şərtlərinə uyğun olaraq ilkin ödəniş kimi hesablanmış 94 000 manat pulu nağd, qalan pulu isə hər ay müqaviləyə əlavə olunmuş aylıq ödəniş qrafikinə uyğun olaraq cavabdehə ödəmişdir. Sonradan ölkədə baş vermiş pandemiya nəticəsində o, müqavilə müddətinin son 4 ayında ödənişləri etsə də, bunu tam formada icra edə bilməmişdir. Bununla bağlı, mövcud pandemiyaya görə ödənişləri tam şəkildə icra edə bilmədiyini cavabdehə bildirmiş və cavabdeh də buna razılaşaraq hər ay ödənişi qəbul etmişdir. Bundan sonra, 16.10.2020-ci il tarixdə cavabdeh tərəfindən ona bildiriş göndərilmiş və bildirişdə iddiaçının dəfələrlə xəbərdar edilməyinə baxmayaraq ödəniş etmədiyi səbəbindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir. Cavabdehin qeyd olunan məktubun aldıqdan sonra, o, məsələni aydınlaşdırılması üçün vəkil vasitəsi ilə cavabdehə etiraz məktubu göndərmişdir. Etiraz məktubuna 01.02.2020-ci il tarixli cavab məktubunda cavabdeh onun son 3 ayda heç bir ödəniş həyata keçirmədiyini və ödənişi üzürlü səbəbdən ödəmədiyi səbəbi gətirərək aralarında olan müqaviləyə xitam verildiyini bildirmişdir. İlk növbədə qeyd etmək istəyir ki, cavabdeh müqavilənin birtərəfli qaydada ləğv edilməsinin əsası kimi onun son 3 ay ərzində heç bir ödəniş etmədiyini göstərmişdir. Cavabdeh tərəfindən təqdim olunan məlumat tamamilə yalandır. Belə ki, müqaviləyə əlavə olunan aylıq ödəniş qrafikindən və məhkəməyə təqdim olunan ödəniş qəbzlərindən görünür ki, o, müqavilənin son 3 ayında hər ay 1000 manat və oktyabr ayında da 2000 manat ödəniş etmişdir. O, pandemiya ilə bağlı ödənişi tam olaraq həyata keçirə bilmədiyi səbəbindən cavabdehin şifahi razılığına əsasən hər ay 2600 manatın yerinə 1000 manat ödəniş etmişdir. Cavabdeh isə buna münasibətdə onun tərəfindən son ayların aylıq ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğdən az ödənilməsinə etiraz bildirmiş və həmin pulları qəbul etmişdir. Həmçinin müqavilədə nəzərdə tutulmuş ödəniş müddəti də bitdikdən sonra, onun tərəfindən cavabdehə 2000 manat ödəniş edilmiş və cavabdeh həmin ödənişi qəbul etmişdir. Beləliklə, cavabdeh onun pandemiya ilə bağlı baş vermiş böhrana görə aylıq ödənişi natamam ödəməsi ilə bağlı müraciətinə, həmin ödənişləri azaldılmış qaydada qəbul etməklə razılıq vermiş və bununla da müqavilənin ödəmə hissəsində dəyişdirilməsinə razılaşmışdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi.

Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) İsmayılzadə Qulam Azər oğlu iddiaçının dediklərini təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Paşayev Etibar İbad oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, Qədimov Vüqar Çingiz oğlu ilə “Pilot İnşaat-A” MMC arasında 2/23 saylı 05 sentyabr 2017-ci il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı- satqısına dair” müqavilə imzalanmış, müqavilənin 1.1-ci bəndinə görə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində inşa ediləcək yaşayış binasının 2-ci blok, 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 145,0 kv.m-dan ibarət mənzilin qiyməti 188 500 manat müəyyən edilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən ilkin ödəniş edildikdən sonra, ümumi dəyərin qalan hissəsi növbəti aydan başlayaraq 36 ay ərzində, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Aylıq Ödəniş Qrafiki”-ndə göstərilən qaydada ödənilməli idi. O cümlədən, xüsusi olaraq öhdəçilik yazaraq imzalamışdır ki (Müqaviləyə 1 saylı Əlavə), 05 sentyabr 2020-ci il tarixinə kimi hər ay bərabər hissələrlə ödəməyi üzərinə götürürəm. Lakin Qədimov Vüqar Çingiz, oğlu tərəfindən 05 sentyabr 2020-ci il tarixinədək öhdəlik tam yerinə yetirilməmiş, əlavə bir ay yarım gözlənilmiş, yenə də həmin müddətdə borcunu tam bağlamamış, bundan sonra-16.10.2020-ci il tarixdə müqaviləyə xitam verilmişdir və göstərilən mənzil 28.1 0.2020-ci il tarixdə Məmmədli Cavid Əkrəm oğluna satılmış, eyni tarixdə də Qədimov Vüqar Çingiz oğluna bildiriş göndərilərək ödədiyi 182600 manat məbləğində pulu tam şəkildə tikinti şirkətin ofisinə yaxınlaşıb götürməsini xahiş etmişlər. Halbuki, müqaviləyə əsasən tikinti şirkətin alıcı tərəfindən ona ödənilmiş məbləğin -10 faizini özündə saxlamaq hüququ vardır. Buna baxmayaraq ödədiyi məbləğin tam geri qaytarılması barədə tərəfə bildirilmişdir. İddia ərizəsində iddiaçı tərəfindən bildirilir ki, pandemiya ilə bağlı baş vermiş böhrana görə aylıq ödənişdə gecikmələr olmuşdur, halbuki müqavilənin fors-major bölümündə belə bir hal qeyd olunmamış, iddiaçı tərəfindən hər hansı yazılı məlumat verilməmiş, ümumiyyətlə ödənişə görə ona əlavə vaxt verilməsinə dair heç bir xahişi olmamışdır, tərəflərindən edilən əsaslı tələblərə əhəmiyyət verməmişdir. Ona görə də, müqavilənin razılaşdırılmış mövcud şərtlərinə tam uyğun olaraq müqaviləyə xitam verilməsi haqqında əmr verilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

 Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

Belə ki, iş materiallarından görünür ki, olan “Pilot İnşaat-A” MMC ilə Qədimov Vüqar Çingiz oğlu arasında 05 sentyabr 2017-ci ildə çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 2/23 nömrəli müqavilə bağlanmışdır.

Müqavilənin 2.3-cü bəndinə görə, Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 188.500 manat təşkil edir.

Müqavilənin 3-cü bəndinə görə, Alıcı 94000 manat məbləğindən ibarət mənzilin ümumi dəyərinin 50% həçmində hissəsini ilkin ödəniş kimi ödəməyə öhdəsinə götürür, ümumi dəyərinin qalan hissəsini isə 36 ay ərzində, hər ayın 5-dək bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan qrafik əsasında ödəyir.

Həmin müqavilənin 4.1.6-cı bəndindən görünür ki, tərəf ödəmələr davamlı olaraq 3 (üç) dəfə yerinə yetirmədikdə tikinti şirkətinin bir tərəfli qaydada xəbərdarlıq edərək bu Müqaviləyə xitam vermək hüququ vardır.

İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, Qədimov Vüqar Çingiz oğlu 2/23 nömrəli müqavilə üzrə müxtəlif vaxtlarda ödənişlər etmiş, sonuncu ödənişi 05 oktyabr 2020-ci ildə etmiş və həmin məbləğ 2000 manatdan ibarət idi.

Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı Qədimov Vüqar Çingiz oğlu “Pilot İnşaat-A” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.m mənzilin dəyərini bir qismini ödəmişdir. Sonuncu ödəniş iddiaçı tərəfindən “Pilot İnşaat-A” MMC-nin xeyrinə 05 oktyabr 2020-ci ildə edilmişdir (iş materiallarına əlavə edilmiş GDĞ 708003 nömrəli mədaxil orderinin qəbzi). Həmin hallar iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə ilə tam sübuta yetirilir. Buna baxmayaraq “Pilot İnşaat-A” MMC tərəfindən iddiaçıya 28 oktyabr 2020-ci ildə əsassız olaraq bildiriş göndərilərək bildirilmişdir ki, 2/23 saylı 05 sentyabr 2017-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqaviləyə 16.10.2020-ci il tarixdən birtərəfli qaydada xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı “Pilot İnşaat- A” MMC ilə arasında 05.09.2017-ci il tarixdə Bakı şəhəri Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv. metr olan mənzil barədə “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına” dair 2/23 nömrəli müqavilənin “Pilot Inşaat-A” MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsi əsassız hesab edilməsində və həmin mənzilin ona qaytarılmasında tələb etməkdə haqlıdır. Çünki iddiaçı müqavilənin şərtlərinə əməl etməklə davamlı olaraq ödənişlər aparmış, tikinti şirkəti isə əsassız olaraq müqaviləyə birtərəfli xitam vermiş və dərhal həmin mənzili Məmmədli Cavid Əkrəm oğluna satmıışdır.

Eyni zamanda məhkəmə aşağıdakıları da qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında qeyd olunur: «Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. MM-nin 178.8-ci maddəsinin məzmunundan göründüyü kimi, mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Bununla yanaşı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsinə müvafiq olaraq tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.5-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Bu mənada «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi qəbul edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər».

Belə ki, Azərbaycan Respublikası MM-nın 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

Nəhayət, MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

MM-nın 447.3.1-ci maddəsinə görə, ikitərəfli müqavilələrdə öhdəliyin pozuntusu cüzi olduqda tərəfin müqavilədən imtina edilməsi yolverilməzdir.

«Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur: «Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir».

MM-nin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir

MM-nin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır

MM-nin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir

«Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur: «Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir».

“T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında göstərilir ki, «Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi).

 

Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab etməklə tərəflərin hüquqi statusunu ilkin vəziyyətə qaytarılması təkcə onun əqd üzrə xərclərin ödənilməsi ilə məhdudlaşmamalıdır.”

İddiaçının “Bakı şəhəri Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2- ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.metr olan mənzilin hər hansı bir obyektiv səbəbdən Qədimov Vüqar Çingiz oğluna qaytarılması mümkün olmadığı təqdirdə həmin mənzilin faktiki bazar dəyəri 290 000 manat cavabdehdən tutularaq ödənilməsi” tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin tələb əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı həmin tələblə bağlı məhkəməyə heç bir sübut təqdim etmir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmək vəzifəsi məhz iddiaçının üzərinə düşür.

Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Pilot İnşaat-A” MMC ilə Qədimov Vüqar Çingiz oğlu arasında 05.09.2017-ci il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına” dair 2/23 nömrəli müqavilənin “Pilot Inşaat-A” MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsi əsassız hesab edilməli, Bakı şəhəri Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.metr olan mənzil iddiaçı Qədimov Vüqar Çingiz oğluna qaytarılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

 

qət etdi :

 

İddiaçı Qədimov Vüqar Çingiz oğlunun iddiası qismən təmin edilsin.

“Pilot İnşaat-A” MMC ilə Qədimov Vüqar Çingiz oğlu arasında 05.09.2017-ci il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına” dair 2/23 nömrəli müqavilənin “Pilot Inşaat-A” MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsi əsassız hesab edilsin.

Bakı şəhəri Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.metr olan mənzil iddiaçı Qədimov Vüqar Çingiz oğluna qaytarılsın.

İddia tələbi qalan hissədə rədd edilsin.

Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

 

Sədrlik edən: Natavan Tağıyeva