Uğurlu işlər

Müqavilənin etibarsız hesab edilməsi və pul tələbi

Müqavilənin etibarsız hesab edilməsi və pul tələbi

 

Müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair uğurla yekunlaşdırdığım məhkəmə işimi sizə təqdim edirəm.

Vəkili olduğum Tağıyev R.İ. ona məxsus torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar əmlak xidmətləri təklif edən ofisə getmiş, cavabdehlə «Xidmətlərin göstərilməsi haqqında» müqavilə bağlamışdır. İddia tələbində qeyd olunan sənədləri cavabdehə vermiş və 2564 manat pul ödəmişdir. Lakin, cavabdeh heç bir xidmət göstərməmiş, pulu və sənədləri geri qaytarmamışdır. Müştəri mənə müraciət etdikdən sonra iş üzrə iddia qaldırılmış və bunun nəticəsində müştərinin xeyrinə aşağıda göstərilən qətnamə qəbul edilmişdir:

 

Azərbaycan Respublikası adından

                                                                                                   QİYABİ QƏTNAMƏ

                Bakı şəhəri                                                               İş № 2(008)-7073/2021                                                   16.11.2021-ci il

 

BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ

 

Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə,

Məhkəmə iclas katibi Məmmədova Şəms Aqşin qızının,

İddiaçı Tağıyev Rüfət İlham oğlunun vəkili və nümayəndəsi İsmayılzadə Qulam Azər oğlunun iştirakları ilə,

İddiaçı Tağıyev Rüfət İlham oğlunun cavabdeh Cabbarov Nizaməddin Nizami oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası   üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,

 

Müəyyən etdi:

 

İddiaçı Tağıyev Rüfət İlham oğlu cavabdeh Cabbarov Nizaməddin Nizami oğluna qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 16.10.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehdən 2564 manat pulun tutulması, iddiaçıya məxsus Bilgəh qəsəbəsi Yeni Yaşayış massivində yerləşən 940 kv m torpaq sahəsinə dair təqdim olunan Bakı şəhəri Bilgəh Bələdiyyəsinin 15.08.2007-ci il tarixli 054 №-li qərarının, torpaqların alqı- satqısına dair aktın, torpaq sahəsinin eskiz sxeminin, Bilgəh Bələdiyyəsinin eskizin verilməsi haqqında 09.08.2007-ci il tarixli məktubun, torpağa görə Bilgəh Bələdiyyəsinə 2700 manat ödənilməsini təsdiq edən qəbzin əsillərinin iddiaçıya qaytarılması, eyni zamanda vəkilə ödənilən 1000 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhəri Bilgəh Bələdiyyəsinin 15.08.2007-ci il tarixli 054 №-li qərarı ilə Bilgəh qəsəbəsi Yeni Yaşayış massivində yerləşən 940 kv m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar «əmlak xidmətləri» yazılan ofisə getmiş, cavabdehlə «Xidmətlərin göstərilməsi haqqında» 16.10.2019-cu il tarixli müqavilə bağlamışdır. İddia tələbində qeyd olunan sənədləri cavabdehə vermiş və 1564 manat pul rəsmi ödəmişdir (05.11.2019-cu il tarixdə 505 manat, 19.12.2019-cu il tarixdə 99 manat, 17.02.2020-ci il tarixdə 660 manat, 2020-ci ili aprel ayında 300 manat). Bundan başqa da əlbəəl 500 manat vermişdir. Lakin, cavabdeh heç bir xidmət göstərməmiş, pulu və sənədləri geri qaytarmamışdır.

Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

İddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir.

Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir.

Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi İsmayılzadə Qulam Azər oğlu iddia ərizəsinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır.

Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh Cabbarov Nizaməddin Nizami oğlu arasında «Xidmətlərin göstərilməsi haqqında» 16.10.2019-cu il tarixli, 6 №-li müqavilə bağlanmışdır.

Müqaviləyə əsasən cavabdeh öz üzərinə aşağıdakı öhdəlikləri götürmüşdür:

Bakı şəhəri, Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 15.08.2007-ci il tarixli 054 №-li qərarı ilə iddiaçının adına ayrılmış, Bilgəh qəsəbə Bələdiyyəsinin hüdudları daxilində yerləşən 940 kv m torpaq sahəsinin özəlləşdirilməsi üçün ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinə müraciət etmək, imtina məktubu almaq;

ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinin imtina məktubundan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək (iş üzrə tərəfindən təyin edilmiş vəkillə müqavilə bağlamaq);

Adıçəkilən torpaq sahəsinə məhkəmə qətnaməsi əsasında plan və ölçünün, dövlət reyestrindən çıxarışını almaq.

Müqavilədə hesablaşmaların ödəniş (bank) qəbzləri üzrə sonda hesablanması, artıq qalan məbləğin nağd şəkildə sifarişçiyə qaytarılması, çatışmayan məbləğin nağd şəkildə sifarişçi tərəfindən xidmət göstərənə ödənilməsi nəzərdə tutulmuşdur

Müqavilədə görüləcək işlar haqqında xidmət haqqı aşağıdakı qaydada nəzərdə tutulmuşdur:

Vəkil üçün xidmət haqqı 650 manat;

ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsində görüləcək işlər üzrə xidmət haqqı 350 manat.

Göründüyü kimi, müqavilədə iki növ ödəniləsi məbləğ nəzərdə tutulmuşdur – ümumi hesablaşmalar və 1000 manat (650 manat + 350 manat) məbləğində xidmət haqqı.

1000 manatın iddiaçı tərəfindən cavabdehə müqavilə bağlandığı an nağd şəkildə ödənildiyi qeyd olunmuşdur.

Həmin 1000 manatın ödənilməsini təsdiq edən 16.10.2019-cu il tarixli (müqavilənin bağlandığı gün) ÇBŞ/10 seriyalı 891379 №-li mədaxil qəbzi iş materiallarına əlavə edilmişdir.

Bundan başqa, müxtəlif vaxtlarda iddiaçı cavabdehin bank kartına 1564 manat məbləğində pul köçürtmüşdür.

Belə ki, 05.11.2019-cu il tarixdə 505 manat, 19.12.2019-cu il tarixdə 99 manat, 17.02.2020-ci il tarixdə 660 manat, 2020-ci ilin aprel ayında 300 manat (505 + 99 + 660

+300 = 1564).

Beləliklə, iddiaçı tərəfindən cavabdehə 2564 manat məbləğində pul ödənilmişdir (1000 + 1564).

Müqavilədə Bakı şəhəri Bilgəh Bələdiyyəsinin 15.08.2007-ci il tarixli 054 №-li qərarının, torpaqların alqı-satqısına dair aktın, torpaq sahəsinin eskiz sxeminin, Bilgəh Bələdiyyəsinin eskizin verilməsi haqqında 09.08.2007-ci il tarixli məktubun, torpağa görə Bilgəh Bələdiyyəsinə 2700 manat ödənilməsini təsdiq edən qəbzin əsillərinin iddiaçı tərəfindən cavabdehə təhvil verildiyi qeyd edilmişdir.

Elektron məhkəmə sistemindən adıçəkilən torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatan alınması görünmür. Yəni, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.

Hazırda iddiaçı adıçəkilən müqavilənin etibarsız hesab edilməsini, cavabdehdən 2564 manat pulun tutulmasını, təqdim olunan sənədlərin əsillərinin ona qaytarılmasını istəyir.

Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir

340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

Məhkəmə hesab edir ki, mübahisə predmeti olan müqavilə əslində uydurma bir əqddir. Belə ki, həmin müqavilədə cavabdeh öz səlahiyyətlərinə aid olmayan, dövlət orqanı və məhkəmənin səlahiyyətlərə aid məsələlər üzrə öhdəliklər götürmüşdür. Həmin müqavilə iddiaçının hüquqi savadsızlığından istifadə edilməklə cavabdeh tərəfindən görünüş üçün bağlanmışdır. odur ki, həmin müqavilə etibarsız hesab edilməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş bütün məbləğlər və verilmiş bütün sənədlər ona qaytarılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə              əsasən         məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

77.1-ci maddəsinə     əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İş materiallarından görünür ki, iddiaçı tərəfindən vəkilə 1000 manat pul və dövlət rüsumu olaraq 30 manat ödənilmişdir. Odur ki, həmin məbləğlər cavabdehdən tutulmalıdır.

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

 

Qət  etdi:

 

İddia təmin edilsin.

16.10.2019-cu il tarixli müqavilə etibarsız hesab edilsin, cavabdeh Cabbarov Nizaməddin Nizami oğlundan 2564 manat pul iddiaçının xeyrinə tutulsun, iddiaçıya məxsus Bilgəh qəsəbəsi Yeni Yaşayış massivində yerləşən 940 kv m torpaq sahəsinə dair təqdim olunan Bakı şəhəri Bilgəh Bələdiyyəsinin 15.08.2007-ci il tarixli 054 №-li qərarı, torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin eskiz sxemi, Bilgəh Bələdiyyəsinin eskizin verilməsi haqqında 09.08.2007-ci il tarixli məktubu, torpağa görə Bilgəh Bələdiyyəsinə 2700 manat ödənilməsini təsdiq edən qəbzin əsilləri cavabdeh tərəfindən iddiaçıya qaytarılsın.

Vəkilə ödənilən 1000 manat pul və 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin.

Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi ücün Bakı   şəhəri Sabuncu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər.

Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

 

Hakim: Tahirə Əsədova