Azərbaycan Respublikasının vətəndaşlığından çıxma qaydası və vətəndaşlığın itirilməsi.
Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs və həmçinin valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşı hesab olunur.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxma və vətəndaşlığını itirmə nəticəsində vətəndaşlığa xitam verilir.
1) Azərbaycan Respublikası vətəndaşlığından çıxma şəxsin müraciəti əsasında həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə (səfirlik) və ya konsulluqlarına tələb olunan sənədlərlə birlikdə müraciət etməlidir.
Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə şəxsin müraciət etdiyi andan əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay (ümumi olaraq 6 ay) ərzində baxılır.
Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı müraciətlərə baxılmanın nəticələri barəsində vəsatət qaldıran şəxslərə Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir.
Şəxsin dövlət qarşısında heç bir öhdəliyi və ya vətəndaşlığına xitam verilməsinə mane olan digər hallar olmadıqda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyinın əsaslandırılmış rəylərinə (sənədlərlə bağlı ümumi rəy Dövlət Miqrasiya Xidməti tərəfindən verilir) baxılaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vətəndaşlığa xitam verilməsi barəsində müvafiq sərəncam verilir.
Aşağıdakı hallardan biri olduqda məhkəmə tərəfindən vətəndaşlığın itirilməsi məsələsinə baxılır və qərar qəbul edilir:
● Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
● Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
● Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
●Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi;
● Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi;
● Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
Beləki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı 1 ay müddətində bu barədə Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməlidir. Əvvəllər xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bu barədə məlumat verməməsinə görə cinayət məsuliyyəti daşısa belə, 1 may 2020-ci il tarixli 68-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, məlumat verməməyə görə cinayət məsuliyyəti ləğv edilmişdir. Yəni, şəxs bu barədə məlumat verməsə belə, o cinayət məsuliyyətinə cəlb edilməyəcəkdir.
Şərhlər
Füzuli Məlikov 2023-12-15 22:56:24
Salam hörmətli vəkil. Sizcə Azərbaycanda ikili vətəndaşlıq barədə qanun yaxın gələcəkdə qəbul oluna bilərmi? Bu barədə fikrinizi bölüşməyiniz xahiş olunur.
Şərh yaz