Azərbaycanda Vəkilliyin tarixi
28 may 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin təsis sənədi olan İstiqlal Bəyannaməsində insan və vətəndaş hüquq və azadlıqlarına əhəmiyyət verilmişdir.
İstiqlal Bəyannaməsinin 4-cü bəndinə əsasən, milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, müvafiq dövlətin sərhədləri daxilində yaşayan bütün vətəndaşların siyasi hüquqlarının və vətəndaşlıq hüququnun təmin edildiyi bildirilir
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Andlı Vəkillər Palatası 30 iyul 1919-cu ildə fəaliyyətə başlayıb.
1937-ci ildə qəbul edilən Azərbaycan SSR-nin Konstitusiyasının 118-ci maddəsinə uyğun olaraq, Azərbaycan SSR-nin bütün məhkəmələrində müttəhimin müdafiə hüququnun təmin olunması və qanunda istisna nəzərdə tutulmadığı təqdirdə, işlərə açıq baxılması ehtiva olunmuşdur. Bu isə müdafiə hüququnun təmin olunmasına dair ilk konstitusion norma kimi qiymətləndirilməlidir.
16 avqust 1939cu il tarixli “SSRİ Vəkillik haqqında Əsasnamə”sinə uyğun olaraq, hüquq təhsilinə malik olan şəxslər və ya hakim, prokuror, müstəntiq və hüquq məsləhətçisi vəzifəsində ən azı 3 illik stajı olan şəxslər vəkilliyə qəbul edilə bilərdilər.
Bundan əlavə, Azərbaycan SSR Ali Sovetinin 20 oktyabr 1965-ci il tarixdə təsdiq etdiyi “Azərbaycan SSR Vəkillər Kollegiyası haqqında” yeni Əsasnamədə isə vəkilliyin vəzifələri, onun işinin forma və metodları öz əksini tapmışdır. Vəkillər Kollegiyası öz fəaliyyətini yenidən Azərbaycan SSR Ədliyyə Nazirliyinin rəhbərliyi və nəzarəti ilə həyata keçirmişdir.
1995-ci il tarixli Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatlarının əsası qoyulub. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasının möhkəm təməlini formalaşdırır.
Azərbaycan Respublikasının Konstitusiyasının 61.1-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
28 dekabr 1999-cu il tarixinə qəbul edilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını müəyyən edir.
Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır.
Azərbaycanda vəkilliyin (peşəkar hüquqi yardımın) təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının səmərəli müdafiəsi ilə bağlı son dövrdə ardıcıl tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidenti 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” proqram xarakterli Sərəncam imzalamışdır.
Qeyd etmək lazımdır ki, məhz bu sərəncamdan sonra ölkəmizdə vəkillik fəaliyyətinin inkişafında yeni mərhələnin başlanmasına təkan verilmişdir.
Sərəncamın preambulasında da qeyd edildiyi kimi, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatı xüsusi əhəmiyyət kəsb etməkdədir.
Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılmasını təmin etməsi ilə bağlı müvafiq göstəriş verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 6 manat müəyyən edilmişdir.
Azərbaycanda vəkilliyin inkişafında Azərbaycan Vəkillər Kollegiyasının 07 dekabr 2017-ci il tarixli növbəti konfransı mühüm rola malikdir. Məhz həmin dövrdən etibarən Azərbaycanda vəkilliyin inkişafında yeni dövr başlamışdır.
25 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1728 saylı sərəncamına əsasasən hər ilin 28 dekabr tarixi Azərbaycan Respblikasında "Vəkil günü" peşə bayramı kimi qeyd edilməyə başlamışdır.
#vəkil # vəkillik fəaliyyəti # vəkilliyin tarixi # vəkillər kollegiyası
Şərh yaz