Borclunun əmlakı üzərinə həbs nə vaxt və hansı qaydada qoyulur?
Günümüzün aktual hüquqi prosedurlarından biri də əmlakın üzərinə həbs qoyulmasıdır. Əmlak üzərinə həbs hansı halda qoyula bilər?
Borclunun əmlakı üzərinə həbs qoyulması
- İcraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.
- Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.
İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Icra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
Borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur:
- tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün;
- borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün.
- üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunın nəzarəti altında onu sata bilər.
- Konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir.
Tez xarab olan şeylər dərhal götürülür və satılmağa verilir.
- Üzərinə həbs qoyulmuş əmlak siyahıya alınarkən, borcluda aşkar edilmiş pul vəsaitləri (manatla və xarici valyutada), qiymətli metallar və qiymətli daşlar, onlardan hazırlanmış məmulatlar, habelə onların qırıntıları və tullantıları məcburi qaydada götürülür və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada saxlanılır.
Götürülmüş digər əşyalar mümkün olduqda qablaşdırılır, möhürlənir və mühafizə altında saxlanılması üçün müvafiq dövlət orqanının nümayəndəsinə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilməklə təhvil verilir. Üzərinə həbs qoyulmuş daşınmaz əmlak və götürülməsi mümkün olmayan iri həcmli əmlak möhürlənir və borcludan, yaxud onun yetkinlik yaşına çatmış ailə üzvündən iltizam alınmaqla həmin əmlakın özgəninkiləşdirilməsi, korlanması və məhv edilməsinə görə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilir və saxlanılması üçün onlara verilir.
Götürülən əmlakın müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən protokol tərtib edilir. Protokolda həmin məlumatlar ətraflı təsvir edilir. Protokol icra məmuru, hal şahidləri, borclu, yaxud onun yetkinlik yaşına çatmış ailə üzvü tərəfindən imzalanır.
#boclunun əmlakının üzərinə həbs qoyulması # əmlak üzərinə həbs
Şərh yaz