Hüquqi yardım

Ev alarkən nələrə diqqət etməliyik?
03 Okt

Ev alarkən nələrə diqqət etməliyik?

Ev alqı-satqı müqaviləsi zamanı nəyə diqqət yetirilməlidir? Etibarnamə ilə ev almaq nə dərəcədə etibarlıdır? Çıxarışın olması vacibdirmi?

Mənzil almaq demək olar ki, hər kəsin arzusudur. İnsanlar illərlə pul yığır və xərclərinə qənaət edir ki, ev sahibi olsun. Sonda da dələduzun biri gəlir və o pulu mənimsəyir. Burada söhbət tikintisi başa çatmayan evlərdən getmir. Çünki o cür evləri almaq qismən riskli hesab olunur. Bəzi MTK-lar neçə-neçə insanları aldadıb dələduzluq edir. Bu sahədə güvənilən şirkətləri tapıb araşdırmaq, əvvəl gördüyü işlərlə tanış olmaq lazımdır. Ona görə də məqalədə hazır çıxarışlı, yəni kupçası olan evləri alarkən diqqət edilməli nüanslardan bəhs ediləcək.

Çıxarışın olması vacibdirmi?

İlk növbədə diqqət edəcəyimiz sənəd evin mülkiyyət hüququ ilə bağlı sənəddir. Çıxarış, yəni kupça yoxdursa, deməli, mənzilin əsl sahibi kimdir bilinmir, dolyı yolla həmin mənzil dövlət qeydiyyatına alınmayıb və dövlət sistemində belə bir mənzilin olması tanınmır. Bu halda gələcəkdə ola biləcək hər hansı neqativ vəziyyətə görə dövlət cavabdeh deyil. Bu ona görə vacib məsələdir ki, bəziləri pulu sizdən alır və deyirlər ki, narahat olma hər şey qaydasındadır, mən sənin üçün çıxarış alacam. Amma adamların çoxu hələ də kupça və ya çıxarış ala bilmir. 

Alqı-satqı müqaviləsi zamanı nəyə diqqət yetirilməlidir?

2-ci  hal isə alqı-satqı müqaviləsi ilə bağlıdır. Ola bilər ki, kimsə müqavilə tərtib etsin və desin ki, bu müqaviləni imzalayandan sonra artıq ev sənindir. Qətiyyən belə sözə inanmayın. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən, “Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir”. Bu normadan da görünür ki, ev alarkən bağlanılan alqı-satqı müqaviləsi notariat qaydada bağlanıldıqda etibarlıdır. Həmçinin həmin məcəllənin 139-cu maddəsinə əsasən, “Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır”. Yəni evi alqı-satqı müqaviləsi üzrə əldə etmək istədiyiniz zaman notariusa getmək mütləqdir. Çünki notarial qaydada alqı satqı edilməsə, ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayacaq. 

Ev alqı-satqısı zamanı tələb olunan sənədlər:

1) Mülkiyyət hüququnu təsdiq edən sənəd - yəni çıxarış (kupça)

2) Yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış (notarius tərəfindən verilir)

3) Nikah haqqında şəhadətnamə - Mülkiyyətçi nikahdadırsa, onun

4) Evin satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı

5) Evdə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı.

Beh müqaviləsi nə zaman daha etibarlı olur?

3-cü məsələ beh müqaviləsinin yazılı qaydada bağlanması ilə bağlıdır. Müqavilənin müəyyən tərtib edilmə qaydaları var. Bu qaydalar Mülki Məcəllədə göstərilib. Qanunvericiliyi bilməyən şəxs əlbəttə ki, bu müqavilənin düzgün, yoxsa yalnış tərtib edildiyini müəyyənləşdirə bilməyəcək. Bu da gələcəkdə mübahisələrə gətirib çıxaracaq. Ona görə də beh müqaviləsinin tərtibi üçün də notariusa yaxınlaşa bilərsiniz. Çünki ev alırsınız və burada da böyük məbləğlərdən söhbət gedir. Verdiyiniz behin məbləği də təbii olaraq, böyük olur. Hüquq səmimiyyəti yox, rəsmiyyəti sevir. Yəni o insan üzünüzə gülə bilər, ələ ala bilər və s. Belə şeylərə aldanmaq olmaz. Saxtakarların sayı günü-gündən artmaqdadır. Odur ki, belə hallarda ən yaxşısı hüquqşünas məsləhəti almaqdır.

Ev alqı satqı müqaviləsi

Notarius vasitəsilə həll edilən digər məsələlər hansılardır?

4-cü məsələmiz isə əvvəl qeyd olunanlar ilə əlaqəlidir. Əgər notarius vasitəsilə alqı-satqı edilsə, onsuz da bu barədə sizə məlumat veriləcək. Notariusda əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunur. Sonra evi satan nikahdadırsa, ondan nikah haqqında şəhadatnaməsi, əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış tələb olunacaq (forma 1).

Bəlkə ev ipoteka predmetidir? Tutaq ki, ipoteka saxlayan bankdır. Borc öhdəliyinin təmin edilməsi üçün bankla borc öhdəliyi müqaviləsi bağlanıb. Əgər bank yazılı razılıq verməsə, evi sata bilməzsiniz. Onsuz da yaşayış evinin, mənzilin, bağın, qarajın, torpaq sahəsinin və digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi təqdiq olunarkən, əmlakın özgəninkiləşdərilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Buna görə də notarius özgəninkiləşdirilməyə qadağanın olub-olmaması barədə arayış tələb edir. 

Qeyd etdiyim məsələlərdən əlavə, həmin şəxsdən  kommunal borcun olub-olmaması barədə arayış da tələb edilə bilər. Bu zaman arayışın tarixinə diqqət yetirilməlidir. Sonra evin konstruksiyasında dəyişiklik edilibsə, ona da diqqət edilməlidir. Çünki ev tikintinin tələblərinə uyğun olmalıdır.

Həmçinin, kupçaya nəzər salmaq lazımdır ki, ev satıcının adına nə zaman qeydiyyatdan keçib. Bəlkə o şəxs evi təzə alıb və bəzi problemlər çıxıb deyə evi satır. Belə kiçik detallara da fikir verilməlidir. Qonşular barədə də qanunla qadağan olunmayan yolla məlumat əldə edin. Atalar demiş, qonşu pisdir köç qurtar, dişin ağrayır, çək qurtar. 

Etibarnamə ilə ev almaq nə dərəcədə etibarlıdır?

Etibarnamə ilə ev almaq da təhlükəlidir. Məsələn, evin mülkiyyətçisi evə sərəncam verilməsi hüququnu sizə etibar edir və  bununla bağlı sizə etibarnamə verilir. Bu da sizin evin mülkiyyətçisi olduğunuza dəlalət etmir. Etibar edən şəxs istənilən vaxt notariusa yaxınlaşıb etibarnaməni ləğv edə bilər. Bu vəziyyət etibarnamə ilə maşın alanların başına gələnlərə çox bənzəyir. Şəxs bir illik ümumi etibarnamə (“generalniy doverennost”) dediyimiz etibarnamə verir, etibarnamənin müddəti bitdiyi müddətdə isə yenidən etibarnamə vermir və ya qarşılığında pul istəyir. Əsas məğz odur ki, etibarnamə ilə əmlakın mülkiyyətçisi olunmur. Etibar edən öldükdə isə etibarnaməyə xitam verilir.

Ev alqı satqısı zamanı hüquqşunasın iştirakı nə dərəcədə vacibdir?

İstənilən əhəmiyyətli müqavilələr bağlanılan zaman peşəkar hüquqşunasın iştirakı zəruridir, eləcə də ev alqı-satqısı həyata keçirilərkən. Belə ki, hüquqşunasın alqı-satqı zamanı sizin yanınızda iştirak etməsi sizi dələduzlardan qoruyur və gələcəkdə iki dəfə xərcə düşməyinizin, evlə bağlı problemlər yaşamağınızın qarşısını alır. Hüquqşunas tərəfindən verilən faydalı məsləhət sizin pulunuzun, vaxtınızın, həm də ki əsəbinizin hədər getməsinin qarşısını alır.

 

#daşınmaz əmlak # əmlak # daşınmaz əmlakın alqı-satqı müqaviləsi # daşınmazəmlak # daşınmaz əmlak.az # əmlak vergisi nədir # əmlak vergisi online ödəmə # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardimhuquq mesleheti # hüquqşünaslıq # vəkil

Şərhlər

  • Musayev Adil 2023-03-27 01:54:14

    Sualima cavabi sizin səyfədə tapdim təşəkkürlər

Şərh yaz