Hansı hallarda hakimə etiraz edilə bilər?
Ədalət mühakiməsinin obyektiv və qərəzsiz həyata keçirilməsi, vətəndaşların məhkəmələrin fəaliyyətindən narazı qalmaması və bu sahədə nöqsanların aradan qaldıdırılması üçün atılan addımlardan biri də hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqində vahid məhkəmə təcrübəsini formalaşdırılmasıdır.
Belə ki, mülki, kommersiya, inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. Hakimə (məhkəmə tərkibinə) etiraz Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, İnzibati-Prosessual Məcəlləsində, Cinayət-Prosessual müəyyən olunmuş şəxslər tərəfindən və həmin Məcəllələrdə göstərilən əsaslara və qaydalara uyğun edilə bilər.
Bu yazımızda inzibati məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması barədə məlumat verəcəyik.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində hakimə etiraz olunması üçün əsaslar müəyyən edilib:
Məcəllənin 18-ci maddəsində hakimin işə baxa bilmədiyi və özü-özünə etiraz etməli olduğu hallar qeyd olunub.
Belə ki, proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin valideyni, övladı, nəvəsi, babası (nənəsi), qardaşı (bacısı), əmisi (dayısı, bibisi, xalası), əmisi (dayısı, bibisi, xalası) uşağı, bacanağı (baldızı) olduqda; proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin rəsmi və ya faktiki əri (arvadı) olduqda və ya olmuşdursa; bu Məcəllənin 18.1.1-ci maddəsində sadalanan şəxslər hakimin arvadı (əri) ilə müvafiq qohumluq əlaqələrində olduqda; proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin kürəkəni (gəlini), qayınatası (qayınanası) olduqda hakim işə baxa bilməz. Bu hallar hakimə etiraz üçün əsas sayılır.
Bundan başqa, hakim inzibati icraatda, o cümlədən şikayət instansiyasında mübahisələndirilən inzibati aktın qəbul və ya təsdiq olunmasında iştirak etdikdə, məhkəmə tərkibi müşavirəyə çıxana kimi mübahisə ilə bağlı işin mümkün nəticəsi barədə məhkəmə baxışından kənar istənilən formada mövqe bildirdikdə (və ya açıq bəyanat verdikdə), inzibati məhkəmə icraatında maraqlarına toxunulan qurumun əvvəllər nümayəndəsi və ya vəkili olduqda və işin nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olduqda və ya onun qərəzsizliyinə şübhə doğuran sair hallar olduqda da hakimə etiraz oluna bilər.
Qeyd edək ki, etiraz haqqında vəsatət yazılı formada, məhkəmə iclasının gedişində isə şifahi formada verilə bilər. Vəsatətdə etiraza səbəb olan əsaslar göstərilməlidir. Həmçinin etiraz haqqında vəsatət, etiraz etmək üçün əsasın proses iştirakçısına məlum olduğu andan dərhal, üzrlü səbəbdən bunun dərhal mümkün olmadığı hallarda isə 3 gün müddətində verilə bilər.
#hakim # məhkəmə # vəkil # vəsatət # hakimə etiraz # vəkil xidmətləri
Şərh yaz