Hüquqi yardım

İşçinin başqa şəxsə vurduğu ziyana görə işəgötürən məsuliyyət daşıyırmı?
24 Yan

İşçinin başqa şəxsə vurduğu ziyana görə işəgötürən məsuliyyət daşıyırmı?

Bu hüquqi yazıda hansısa iaşə obyekti, gözəllik salonu və digər obyektlərdə ona göstərilən xidmət nəticəsində zərərə uğrayan şəxslərin hüquqlarının müdafiə vasitələri şərh edilmişdir.

Mülki dövriyyənin subyekti kimi ayrı-ayrı şəxslər mütəmadi olaraq müxtəlif bazar subyektləri ilə mülki hüquq münasibətlərinə daxil olurlar. Bəzən bu münasibətlər üzrə əmək və ya xidməti vəzifələrin düzgün icra edilməməsi ilə müşayiət edilən təqsirli əməl (delikt) qarşı tərəfə ziyan vurulması ilə nəticələnir.

 

Mülki hüquq pozuntusu və ya delikt dedikdə nə nəzərdə tutulur?

Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Deliktə misal olaraq, kafe, restoran və digər növ iaşə obyekti daxilində işəgötürənin nəzarəti altında işləyən işçinin düzgün formada xidmət göstərməməsi nəticəsində müştəriyə dəyən maddi və mənəvi zərəri, tədris mərkəzində fəaliyyət göstərən əməkdaşın tədris prosesini düzgün aparmaması və ya laqeyid münasibəti nəticəsində təhsil almaq üçün mərkəzə müraciət etmiş şəxsə dəyən zərəri, gözəllik salonunun işçisinin xidməti düzgün formada icra etməməsi nəticəsində zərərçəkənə vurduğu ziyanı və s. göstərmək olar.

 

Bəs bu zərərə görə məsuliyyəti kim daşıyır? Həmin təqsirli əməli bilavasitə törədən işçi yoxsa işəgötürən?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

Bu halda işəgötürən (yuxarıda qeyd edilən misallarda iaşə obyekti və ya hansısa şirkət) təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. 

 

Hanısa gözəllik salonunda və ya restoranda ona göstərilən xidmət nəticəsində ziyana uğramış şəxs təqsirli hərəkətə görə ona dəyən zərəri kimdən tələb etməlidir?

Əgər şəxs hansısa restoran, gözəllik mərkəzi, tədris mərkəzi və digər mülki hüquq münasibətinə daxil olduğu mərkəzin əməkdaşının təqsirli və hüquqa zidd əməli nəticəsində zərərə uğrayıbsa, bu zərərin ödənilməsini məhkəmə qaydasında həm zərəri vuran işçidən, həm də mərkəzdən (və ya iaşə obyektindən) tələb edə bilər. Bu halda zərərin həmin əməl nəticəsində baş verdiyini sübut etmək yükü zərərçəkənin üzərinə düşür.

 

Hüquqi yardım

Şərh edilənlərdən də göründüyü kimi hansısa xidmət nəticəsində zərərə uğramış şəxsin düşdüyü zərəri tələb etməsi üçün öz hüquq və vəzifələrini bilməsini, öz hüquqlarının müdafiəsi üçün vaxtında və lazımi tədbirlərin görülməsini zəruri edir. Çox təəssüf ki, vətəndaşlar əksər hallarda hansısa xidmət və ya işin görülməsi nəticəsində üzləşdikləri zərəri ancaq işçidən ala biləcəklərini düşünürlər və müvafiq iaşə obyektləri və ya mülki hüquqi xidmət göstərən mərkəzlərin müvafiq işin görülməsinə və ya xidmətin göstərilməsinə nəzarət etməməsinə görə məsuliyyətə cəlb edilə biləcəklərindən xəbərsiz olurlar.

Vəkil məhkəmə yolu ilə zərərçəkənin hüququnun düzgün formada qorunmasını təmin edir. Vəkil tərəfindən tərtib edilən iddia ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən üzləşdiyiniz zərərin əvəzinin tələb edilməsinə dair işə başlamazdan əvvəl bununla bağlı vəkil məsləhəti almağınız tövsiyə edilir.

#işçi # işəgötürən # maddi ziyan # məsuliyyət # delikt # təqsir # vəkil # məhkəmə

Şərh yaz