Hüquqi yardım

Vərəsəlik hüququ
09 Okt

Vərəsəlik hüququ

Vərəsəlik hüququ. Vərəsəlik nədir? Kimlər vərəsə ola bilər? Miras nə zaman açılır? Mirasda məcburi pay anlayışı.

Vərəsəlik hüququ nədir?

Vərəsəlik hüququ mülki qanunvericiliyin ən mürrəkkəb hissələrindən biridir bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəllənin 10-cu bölməsi tamamilə vərəsəlik hüququna həsr edilmişdir. Mülki məcəlləyə əsasən vərəsəlik ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsidir. Miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Vərəsəlik haqqında qanun

Vərəsəlik hüquq münasibətləri Azərbaycan Respublikasıın Mülki Məcəlləsi (10-cu bölmə), "Notariat haqqında" Qanun və digər hüquq normaları ilə tənzimlənir.

Kimlər qanun üzrə vərəsələr hesab edilir?

Qanun üzrə vərəsələrin miras almaq hüququnun yaranması aşağıda göstərilən növbədə müəyyən edilmişdir:

  1. 1-ci növbə: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);
  2. 2-ci növbə ölənin bacıları və qardaşları;
  3. 3-cü növbə həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası;
  4. 4-cü növbə xalalar və bibilər, dayılar və əmilər;
  5. 5-ci növbə xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

Vəsiyyət üzrə vərəsəlik

Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyətnamə tərtib etməklə qoya bilər. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

vəsiyyətnamə

Mirasda məcburi pay

Bəzi hallarda, şəxs öz övladlarından birini və ya ərini (arvadını) mirasdan məhrum etmək üçün öz əmlakını digər şəxsə vəsiyyət edir və hesab edir ki, ona məxsus əmlak bütünlüklə vəsiyyət etdiyi şəxsə çatacaq. Mülki qanunvericilikdə təsbit olunmuş “mirasda məcburi pay” institu özündə onu ehtiva edir ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

Miras nə zaman açılır?

Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

Mirasin qəbul edilməsi üçün hara müraciət edilməlidir?

Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Vərəsəlik hüququ haqqında şəhadətnamə

Vərəsəlik hüququ haqqında şəhadətnamə hüquq müəyyənedici sənəddir, başqa sözlə desək vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən 6 ay keçdikdən sonra istənilən vaxt verilir.

Vərəsəlik işləri üzrə vəkil

Vəkil miras əmlakın bölgüsü və vərəsəliklə bağlı digər növ mübahisələrin həlli zamanı tərəfin hüquqlarının lazımı formada müdafiəsinə zəmanət verir. Xüsusilə də, miras əmlakın vaxtında əldə edilməsi üçün müvafiq prosedurları bilmək şəxsi gələcəkdə qarşılaşa biləcəyi risklərdən və uzunsürən məhkəmə mübahisələrindən qoruyur. Bu səbəbdən vərəsəliklə bağlı məsələlərin həlli zamanı vəkil məsləhəti almağınız tövsiyə edilir.

#vərəsəlik hüququ # vərəsəlik haqqında qanun # vereselik huququ

Şərhlər

  • Cavid 2026-11-08 09:10:57

    Salam anam 2021 ci ilde rehmete gedib men ve heeyat yoldasim bir az yasli usaqmiz var atamda bizle qalir.ev anamin atamin yaṣadığı evdi qalırıq.bu evden istese atam bizi çıxara biler ?evin seneti yoxdu.2021 ci ilde rehmete gedennen sora anam, bir neçe ay sonra natarusde ərize yazmisam ki anamnan ne qalibsa atamin xeyrine imtina edirem.lazım olsa o ərizəni geri çəkmək mümkündü ? Mümkündüse nece etmek olar hara muraciett etmek olar ?

  • Nicat 2026-10-27 14:08:46

    Salam müəllim. Nənəmə 1996-cı ildə 0.70 sot əkəri pay torpaq sahəsi verilib. Babam 1993-cü ildə rəhmətə gedib Nənəm 2010-cu ildə. Onların dörd oğlu biri qızı var oğullarından biri yəni atam 2022-ci ildə rəhmətə gedib. Vəsiyyətnamə falan yoxdu və böyük əmim heç bir sənədsiz topağı zəbt edib. Atam 1996-cı ilə Rusiya vətəndaşı olub amma 1999-cu ildən Azərbaycan vətədaşlığına keçib digər iki əmim hal hazırda Rusiya vətədaşıdı bibim və böyük əmim Azərbaycan vətəndaşı. Bilmək istəyərdimki həmin toqpaq qanunvericiliklə necə tənzimlənir

    Nənəniz 2010-cu ildə vəfat edərkən vəsiyyətnamə yox idisə, birinci növbə vərəsələr, o cümlədən övladları, mirası qəbul etdikləri həddə bərabər paylar əldə edirlər; atanızın payı isə onun 2022-ci ildə ölümündən sonra öz vərəsələrinə keçir. Böyük əminizin torpaqdan tək istifadə etməsi digər vərəsələrin hüququnu öz-özünə aradan qaldırmır. Atanız nənənizin vəfatı vaxtı Azərbaycan vətəndaşı olduğuna görə onun əvvəlki Rusiya vətəndaşlığı maneə deyil; hazırda əcnəbi olan vərəsələr torpağı miras ala bilsələr də, qanundakı müddətdə özgəninkiləşdirmə tələbi ilə üzləşə bilərlər. Notariatda hər iki vərəsəlik işi yoxlanılmalı, qəbul və paylar mübahisəlidirsə məhkəmədə vərəsəliyin qəbulu, payların tanınması və bölgü tələb olunmalıdır. Vəkil Qulam İsmayılzadə Vəkil Qulam İsmayılzadə
  • Nazrin Bagirova 2026-10-24 22:05:59

    Salam hörmetli Vekil. Menim valideynlerim 1992 ci ilde aile qurub 3 il sonra ayriliblar birge yaşayış olmayın.Anam 1999 cu ilde oz adına ev alib. Evde yalnız anam ve men qeydiyatda olmusuq. Anam resmi şekilde 2005 ci ilde atamdan resmi bosanib.Atamla hec vaxt elagemiz olmayib.Anam 16.09.2026 ci ilde dünyasını deyişib.Yegane ovlad menem.Bosanmadan 21 il kecib indi mene deyirlerki evden atama 2/1 pay düşür .Bu ne derecede realdir? Onun pay almaması ucun ne ede bilerem ? cox sag olun

    Salam. Atanız 2005-ci ildə boşandığı üçün ananızın ölümündə qanuni ər və vərəsə sayılmır. Lakin ev 1999-cu ildə, rəsmi nikah davam edərkən alındığından ilkin olaraq ər-arvadın ümumi əmlakı hesab edilə və atanız 1/2 mülkiyyət payı tələb edə bilər; bu, vərəsəlik payı deyil. Bununla belə, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə ailə münasibətlərinə faktiki xitam verildiyi və ayrı yaşanıldığı dövrdə alınmış əmlakı alan tərəfin ayrıca mülkiyyəti saya bilər. 1995-ci ildən ayrı yaşama, evin yalnız ananızın vəsaiti ilə alınması, ayrı qeydiyyat, ödəniş sənədləri və şahidlər sübut olunarsa, evin bütövlükdə ananızın şəxsi əmlakı kimi tanınması və mirasa daxil edilməsi tələb edilə bilər. Notarius mübahisəni həll etməzsə, məhkəməyə müraciət olunmalıdır. Vəkil Qulam İsmayılzadə Vəkil Qulam İsmayılzadə
  • Firuzə 2026-10-15 09:21:10

    Salam mənim həyat yoldaşım birinci qrup əlil olub və əmək pensiyası alırdı o 2020 çi ildə rəhmətə getdi əmək pensiyası dayandırıldı indi mənim 2028 ilin sentyabr ayında 65 yaşım tamam olur mənə az miqdarda pensiye düşür beləki mənim sıgortam çox azdır 65 yaşım tamam olanda mənə düşən pensiyədən imtina edib həyat yoldaşımın pensiyasını ala bilərəmmi sağ olun

    Pensiya yaşına çatdıqda şərtlər mövcud olarsa, ailə başçısını itirməyə görə əmək pensiyasına keçmək mümkündür. Bu, həyat yoldaşınızın aldığı pensiyanın eyni məbləğdə sizə verilməsi demək deyil. Hansı pensiyanın daha sərfəli olacağını və hüququn yaranmasını DOST və ya DSMF-də sənədləriniz əsasında dəqiqləşdirin. Vəkil Qulam İsmayılzadə
  • Sahibə 2026-10-14 02:02:13

    Salam hər vaxtınız xeyir bağışlayın narahat etdiyim üçün ata evi həyəti baıaca oğluna hədiyyə etdi sonra vəfat etdi o həyət baba həyəti olub iki qardaş yaşayırmış darvaza eyni olub indi isə həyət bölünüb o biri qardaşda rəhmətə gedib yoldaşı və uşaqların darvazasını ara yola çıxartdılar indi isə o qadın məhkəməyə verirki mənim yolum sizin evin qabağıdır hasarı söküb mənə təzə yol verin bu mümkündürmü?hasarı sökdürə bilərmi? Ara yol 3metir 70 sm dir onu isdəmir hasarı sökdürmək isdəyir sökdürə bilərmi?

    Təkcə başqa yoldan istifadə etmək istəməməsi hasarın sökülməsi üçün kifayət deyil. Məhkəmə mövcud yolun yararlılığını, torpaq sənədlərini və əvvəlki keçid hüququnun olub-olmadığını araşdırır. Hasarın sökülməsi tələbinin əsaslı olub-olmadığını demək üçün iddia ərizəsinə və torpaq planına baxılmalıdır. Vəkil Qulam İsmayılzadə
  • Münəvvər 2026-10-12 17:56:14

    Salam əleykum mən sizin cavabınızi oxudum çox sağ olun təşəkkür edirəm ancaq məsələ budurki qaynanam evdə birdən birə rəhmətə gedib həkimnən arayış ala bilmirik beləki həkim deyir siz bizə vaxtında bildirmiyibsiz heç olmasa ölən vaxtı təcili yardıma zəng edib çagırardız ölən adamı qeydə alınardı indi hörmətli Qulam müəllim necə edək xahiş edirəm bizə bir yol göstərin təşəkkür edirəm

    Ölüm haqqında tibbi şəhadətnamə verilə bilmirsə, ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Əvvəlcə tibb müəssisəsinə yazılı müraciət edib imtinanın səbəbini göstərən cavab alın. Bu cavab və ölüm faktını təsdiqləyən mövcud sübutlarla müraciət qaydasını müəyyən etmək lazımdır; əsassız imtinanın mübahisələndirilməsi ayrıca məsələdir. Vəkil Qulam İsmayılzadə
  • Movlane 2026-10-10 09:28:50

    Salam. Atam dunyasini deyiwib anam ve qardawim mirasdan imtina edib. Men ve diger qardawima ev mawin bolgusu etmiwik. Ev menim adima mawin qardawim adina olacaq. Bu halda qardawim bowansa onun 2 uwagina ve yoldawina evden nese duwe bilermi? 10 ildi evlidi evde qeydiyyatlıidirlar.

    Əgər vərəsəlik bölgüsü notariat qaydasında rəsmiləşdirilib və evə çıxarış yalnız Sizin adınıza veriləcəksə, qardaşınızın boşanması zamanı onun həyat yoldaşı və uşaqları bu evdən mülkiyyət payı tələb edə bilməzlər. Evdə qeydiyyatda olmaq mülkiyyət hüququ yaratmır. Onların yaşayışdan istifadə və qeydiyyat məsələsi ayrıca qiymətləndirilə bilər. Qardaşınızın uşaqları onun əmlakına vərəsə ola bilərlər, lakin Sizə məxsus evə yalnız ayrıca qanuni vərəsəlik əsası yarandıqda hüquq əldə edə bilərlər. Vəkil Qulam İsmayılzadə
  • Münəvvər 2026-10-09 13:44:47

    Salam əleykum qaynatam 38 il qabaq ölüb həyat yoldaşım 3 ildi rəhmətə gedib qaynanam 10 gündü rəhmətə gedib öz əcəli ilə evdə onun ölümü ilə əlaqədər dövlət tərəfindən verilən dəfn pulu almaq üçün hansı sənədlər toplamaq lazımdır onuda bildirim ki o əmək pensiyası alırdı 3 evladı olub 1 ri mənim mərhum həyat yoldaşım və 1 oğlu 1qızıda var başqa ünvanda qeydiyyatdadılar onunla mən gəlni 2 də nəvəsi bu yaşadigımız kent evində qeydiyatdayıq təşəkkür edirəm

    Əmək pensiyaçısının ölümü dövlət qeydiyyatına alındıqdan sonra dəfn müavinəti 1 may 2026-cı ildən dəfn xərclərini çəkmiş şəxsə avtomatlaşdırılmış qaydada təyin edilir; qohumluq və həmin evdə qeydiyyat əsas şərt deyil. Hazırkı minimum əmək pensiyası 320 manat olduğuna görə müavinət onun üç misli — 960 manatdır. Avtomatik təyinat baş verməzsə, şəxsiyyət vəsiqəsi, ölümün dövlət qeydiyyatı barədə məlumat və ödəniş üçün bank rekvizitləri ilə DOST mərkəzinə müraciət edin və ya 142 xəttindən vəziyyəti dəqiqləşdirin. Vəkil Qulam İsmayılzadə
  • Mirzə 2026-10-04 04:41:19

    Salam mən həyat yoldaşımla 16 il bundan qabaq məhkəmə tərəfindən ayrılmışam 2021 ci ildə bir başqası ilə qanunu evlənmişəm nigahımızda var ancaq bu nigahdan evladımız yoxdur evləndiyim qadının əvvəlki həyat yoldaşınnan bir evladı var adı soyadı mənə aid deyil həmin evlada mənim mülkümnən pay düşürmü sağ olun

    Həyat yoldaşınızın əvvəlki nikahdan olan övladı Sizin tərəfindən qanuni qaydada övladlığa götürülməyibsə, təkcə ögey övlad olması və soyad daşıması ona Sizin əmlakınız üzrə avtomatik birinci növbə vərəsəlik hüququ vermir. Bununla belə, onu vəsiyyətnamədə vərəsə göstərə bilərsiniz; digər şəxslərin qanuni məcburi pay hüquqları nəzərə alınır. Əmlak nikah dövründə birgə əldə edilibsə, əvvəlcə həyat yoldaşınızın həmin əmlakdakı payı, sonra isə Sizin payınız üzrə vərəsəlik müəyyənləşdirilir. Həyat yoldaşınıza keçən əmlak sonradan onun öz övladına miras qala bilər. Vəkil Qulam İsmayılzadə
  • Şəkixanov Azər 2026-10-02 07:48:26

    2004 ildə ata oğlundan rəsmi şəkildə evin və dükanların sənədləri həmçinin böyük məbləğ pul oğurlanması barədə şikayət etmişdir və polis - bu mülki iş olduğu üçün məhkəməyə müraciət edə bilərsiz- cavabı vermişdir.2012 ata rəhmətə gedib və heç bir müraciət olunmayıb. İndi müraciət edilsə mən( kiçik qardaşı) bunları geri götürə bilərəmmi həmçinin qeyd eləyim ki ,həmin oğlu ataya məxsus 20 sot həyətyanı torpaq sahəsini zəbt edərək orda qanunsuz tikinti aparmışdır .

    Yazdıqlarınız əsasında ev, mağaza və torpaq sahəsi üzrə hüququn kimə məxsus olduğunu, həmçinin 2004-cü il hadisələrinə görə hansı tələb müddətinin tətbiqini sənədləri görmədən qəti demək olmaz. Atanızın adına olan çıxarışları və digər mülkiyyət sənədlərini, vərəsəlik sənədlərini, polisə müraciətin materiallarını, torpağın kadastr məlumatlarını və qardaşınızın adına mümkün rəsmiləşdirmələri toplayın. Siz vərəsəsinizsə və əmlak qanuni qaydada başqasına keçməyibsə, mülkiyyət və vərəsəlik hüququnun müdafiəsi, qanunsuz qeydiyyat və zəbtin aradan qaldırılması üçün məhkəməyə müraciət məsələsini qiymətləndirmək olar. Tikilinin qanuniliyi ayrıca araşdırılmalıdır. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz