Hüquqi yardım

Boşanma prosesi
09 Sen

Boşanma prosesi

Boşanma prosesi ər və arvad arasında bağlanan nikahın məhkəmə qaydasında pozulması prosesidir.

Boşanma prosesi haqqında ətraflı məlumat

Ər-arvad münasibətlərinin hüquqi tənzimlənməsi Azərbaycan hüquq sisteminin qarşısında duran ən mürəkkəb məsələlərindən biridir. Bu onunla bağlıdır ki, nikahın qeydə alınması ilə ər və arvadın bir-biriləri qarşısında əlaqəli hüquq və vəzifələri yaranır. Misal üçün: birgə əmlak hüququ, valdeynlik hüququ və s.

Bəzi hüquq və vəzifələr isə boşanma prosesi başa çatdıqdan sonra da davam edir (birgə nikahdan olan uşaqı saxlamaq vəzifəsi, uşaqla ünsiyyət hüququ).

Boşanma prosesi

Qanunvericiliyə əsasən nikah pozulmasının 2 qaydası var:

Nikahın Qeydiyyat Şöbəsində xitam verilməsi

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (burda Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri nəzərdə tutulur) xitam verilə bilər.

Bu halda tərəflərin hər ikisi ərizə ilə ya nikah bağlanan qeydiyyat şöbəsinə (məs: ASAN 3) ya da ki, onların birinin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyat şöbəsinə müraciət edə bilərlər. 

Nikahın pozulması zamanı nikahın bağlanması kimi hər iki şəxsin  şəxsən  iştirak etməsi tələb edilir.

Məhkəmə qaydasında boşanma (nikahın pozulması)

Boşanma prosesi uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur.

Boşanma prosesi ər və arvad arasında bağlanan nikahın məhkəmə qaydasında pozulması prosesidir. Boşanma prosesi həm ər, həm də arvad tərəfindən məhkəməyə boşanma ərizəsi verildikdə başlayır. 

Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, nikahın pozulmasını istəyən şəxs məhkəməyə boşanma ərizəsi verməzdən əvvəl ərizə ilə Mediasiya təşkilatına müraciət etməlidir. 

Mediasiya Şurası tərəfindən təyin edimiş mediator tərəfləri barışdıra bilmədiyi təqdirdə isə tərəf məhkəməyə müraciət etməlidir. 

Boşanma prosesində nikahın pozulması ilə yanaşı məhkəmə növbəti məsələlərə baxır:

  • boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması;
  • uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması;
  • ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlak bölgüsünün necə aparılması;
  • ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarı müəyyən edilməlidir.

Boşanma ərizəsi

Boşanma ərizəsi yazılanda ərizədə boşanmanın səbəbi göstərilməlidir. Bundan başqa, boşanma ərizəsində tərəf boşanmadan sonra uşağın kimin yanında qalmasını və aliment məbləğini qeyd etməlidir. Sonuncu iki tələb qeyd edilmədiyi təqdirdə məslə hakimin mülahizəsinə əsasən həll edilir. 2024 minimum aliment məbləği bir uşağa görə 235 manat müəyyən edilmişdir.

Boşanmaq üçün lazım olan sənədlər

  • Nikah haqqında şəhadətnamənin əsli
  • uşağın doğum haqqında şəhadətnaməsinin surəti
  • tərəflrərin şəxsiyyət vəsiqələrinin surətləri 
  • İşin ilkin mediasiyada baxılmasını təsdiq edən sənəd
  • dövlət rüsumunun ödənilməsi haqqında qəbz

Boşanma neçə ay çəkir?

Qeydiyyat Şöbəsində nikah tərəflər ərizə verdikdən 30 gün sonra pozulur.

Məhkəmə qaydasında boşanma prosessi 2 aydan 5 aya qədər çəkə bilər. Tərəflər boşanmaqa razı olduqları  və digər məsələlərlə bağlı bir fikir ayrılığı olmayanda məhkəmə adətən 1 hazırlıq iclası və 1 baxış iclası təyin edərək yekun qərar çıxardır.

Tərəflərdən biri nikahın pozulmasına razı olmadığı təqdirdə isə məhkəmə ər və arvada 3 ayadək müddətdə barışıq üçün vaxt verə bilər.

Xaricdə bağlanılmış nikahın pozulması

Xaricdə nikah bağlamış Azərbaycan Respublikasının vətəndaşları Azərbaycanda boşana bilər. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 150.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər.

Nikah Müqaviləsi 

Nikaha daxil olmazdan əvvəl tərəflərin Nikah müqaviləsinin bağlaması boşanma və əmlak bölgüsünün daha rahat keçməsinə zəmin yaradır.

Nikah müqaviləsi xüsusən də böyük sərvətlərə sahib olan ailələr üçün vacib əhəmiyyət kəsb edir. Belə hallarda ortaq biznes, bank depozitləri, qiymətli kağızlar, nəqliyyat və nikah zamanı əldə edilmiş digər əmlak ər-arvad arasında ədalətli şəkildə bölünməlidir.

Ər və arvadın birgə mülkiyyəti 

Əgər ərlə arvad nikaha daxil olarkən və ya ondan sonra nikah müqaviləsi bağlamayıblarsa, onda nikahdan sonra onlar tərəfindən əldə edilən əmlak onların ümumi birgə mülkiyyəti sayılır

Boşanma ilə bağlı vəkil məsləhəti

Sonda onu qeyd edim ki, boşanma zamanı  prosesin çətinliyi ər və arvadın hansı qaydada ümumi birgə əmlakı bölmək və uşağın saxlanılmaında iştirak etmək niyyətlərindən asılıdır. Çox təəssüf ki, əksər hallarda ər-arvadın hər biri öz əmlak iddialarını daha çox emosiyalara əsaslanaraq, hüquqi tənzimləmələri bilmədən özünəməxsus şəkildə qiymətləndirir. Buna baxmayaraq, bütün məsələlər tərəflərin maraqlarına xələl gətirmədən ciddi şəkildə qanun çərçivəsində həll oluna bilər və həll edilməlidir.

Peşəkar vəkil boşanma prosesi zamanı tərəfin hüququnun düzgün formada qorunmasına zəmanət verir. Hüquqşunas tərəfindən yazılan  boşanma ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən boşanma prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məskəhəti almağınız tövsiyə edilir.

.

#boşanma ərizəsi # boşanma prosesi # uşaq varsa boşanma prosesi # boşanma # bosanma erizesi # bosanma # bosanma zamani qadin huquqlari # məhkəmə yolu ilə boşanma

Şərhlər

  • Əfsər 2026-10-05 00:40:12

    Rəsmi maaşım 620 manatdır. Adıma şəxsi kreditlərim də var. İki uşağım var: biri 4 yaşındadır, digəri isə 1 yaşını yeni tamamlayıb. Mən nə qədər aliment ödəməli olacağam?

  • Ayxan 2026-10-02 23:45:22

    Salam. Mən 10 ildir evliyəm və iki övladım var. Övladlarımdan birinin 6, digərinin isə 1 yaşı tamam olub. Həyat yoldaşımla artıq yola gedə bilmirik və bu vəziyyət uşaqlara da mənfi təsir edir. Mən həyat yoldaşımdan boşanmaq istəyirəm, lakin o, boşanmağa razı deyil. Həyat yoldaşımın razılığı olmadan boşanmaq üçün məhkəməyə müraciət edə bilərəmmi?

    Həyat yoldaşınızın boşanmaya razı olmaması nikahın pozulmasını tamamilə istisna etmir. Əgər iddianı ər qaldırırsa, arvad hamilə olduğu müddətdə və uşaq doğulduqdan sonra bir il ərzində onun razılığı olmadan boşanma tələbi irəli sürə bilməz; kiçik uşağınızın bir yaşı artıq tamam olubsa və hazırda hamiləlik yoxdursa, bu xüsusi məhdudiyyət tətbiq olunmur. Əvvəl ailə mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak edib, razılıq alınmasa məhkəməyə müraciət edə bilərsiniz. Uşaqların kiminlə qalması və aliment məsələləri də işin hallarına görə həll olunur. Vəkil Qulam İsmayılzadə
  • İlhamə 2026-09-27 18:10:34

    Salam. Mən rayon qeydiyyatındayam. Qarşı tərəf Bakı qeydiyyatında. Asan xidmətə gəlmir boşanmaq üçün. Uşaq yoxdur. Mən boşanmaq üçün hara müraciət etməliyəm?

    Yetkinlik yaşına çatmayan ümumi uşaq olmasa da, qarşı tərəf ASAN xidmətə gəlmədiyi və birgə ərizə vermədiyi üçün nikahı qeydiyyat orqanında qarşılıqlı razılıqla pozmaq mümkün deyil. Əvvəl ailə mübahisəsi üzrə ilkin mediasiya sessiyasına müraciət edin; qarşı tərəf gəlməsə də, bunun nəticəsinə dair sənəd verilməlidir. Sonra nikahın pozulması iddiasını, ümumi qayda olaraq, qarşı tərəfin Bakıdakı rəsmi qeydiyyat ünvanına aid rayon məhkəməsinə verin. Nikah şəhadətnaməsini, şəxsiyyət sənədinizi və mediasiya sənədini əlavə edin; sizin rayon qeydiyyatınız təkbaşına iddianı öz rayonunuzda verməyə əsas yaratmır. Vəkil Qulam İsmayılzadə
  • Murad Qazıyev 2026-09-27 17:38:04

    Salam boşandıqdan sonra ər evli olan vaxtı kredit götürüb indi şikayət edirki kreditin yarsın xanım ödəməlidir bu düzgün bir şeydir? Krediti götürüb özünə maşın alıb sonra satıb qalanında özünə xercleyib indi kreditin yarsın xanım odemelidir yoxsa elə bir wey yoxdu çünki alimentde verilmir və xanım heç bir yerdə işləmir və uwaqada özü baxır bu şərtlər əsasında kreditin yarsın ödəməlidir zehmet olmasa cavablandirarsiz

    Kreditin nikah dövründə götürülməsi onun yarısının avtomatik xanımın üzərinə keçməsi demək deyil. Borcun ailənin ümumi ehtiyacına xərclənib-xərclənmədiyi, avtomobilin və satış pulunun hüquqi taleyi müqavilə, bank çıxarışları və digər sübutlarla araşdırılmalıdır. Vəsait ər tərəfindən yalnız şəxsi məqsədlərə sərf olunubsa, bu, onun şəxsi borcu kimi qiymətləndirilə bilər; ümumi borc olduğu sübut edilərsə, bölgü məhkəmədə həll olunur. Uşağa aliment ödənilməməsi isə ayrıca məsələdir: bunun üçün aliment tələbini və ya mövcud qərarın icrasını ayrıca qaldırın. Vəkil Qulam İsmayılzadə
  • Leyla Alizade 2026-09-14 21:06:30

    Salam bosanma ucun erize vermisem ay sonu 1 ci mehkeme olacaq ve bosanma muddetine qeder yoldasimla eyni evde yasayiram eyni isgenceleri edir psixologiyasi yerinde deyil bosanmaqda istemir sualim hansi halda mehkeme prosesini 3 ay uzatmadan daha tez bitirmek, bosanmani tezlesdirmek olar?

    Salam. Üç aylıq barışıq müddətinin verilməsi məhkəmənin hüququdur, məcburi deyil. Məhkəməyə yazılı vəsatət təqdim edib birgə yaşayışın və barışığın mümkünsüz olduğunu, psixoloji və ya fiziki zorakılığın davam etdiyini göstərən sübutları əlavə edərək barışıq müddəti verilmədən nikahın pozulmasını xahiş edə bilərsiniz. Təhlükə varsa, boşanma işini gözləmədən polisə və qısamüddətli mühafizə orderi üçün səlahiyyətli orqana müraciət edin. Vəkil Qulam İsmayılzadə
  • Azadə hüseynova 2026-09-09 13:58:33

    Salam mən boşanma ərzəsi vermek isteyirem yoldaşım mənə qalmadığı söyüşleri mene deyirdi ve menim 1 qız uşağım var onun terhiyesine mane olur men uşağımın geleceyi ücün pul yığıram menim bütün pulumu götürür qızımda artıq yorulur uşağimin geleceyine mane olur

    İlkin mediasiya sessiyasından sonra nikahın pozulması, uşağın yaşayış yerinin sizin yanınızda müəyyən edilməsi və aliment tutulması tələbləri ilə məhkəməyə müraciət edə bilərsiniz. Təhqir, maddi təzyiq və uşağın mənafeyinə zərər vuran davranışları təsdiqləyən yazışma, səs yazısı, şahid və digər qanuni sübutları saxlayın. Vəkil Qulam İsmayılzadə
  • Rzayevaa 2026-09-07 04:23:43

    Əvvəl Salam mən 9 ildi ayleliyləm 2 oğlum var və boşanmag qərarına gəldim iki uşağı evden götürüb çıxmışam və məni uşağı ogurlamisan kimi islaham edilər üstümə ogurlug atılır hetdda mən nə edim necə edim öz şəxsiyyətim daxil usaglarin sənədləri hamı qalıb evde çıxmışam necə boşanma ərizəssi verə bilərəm ?

    Uşaqların anası olaraq onları özünüzlə aparmağınız, yaşayış yerinə dair qüvvədə olan məhkəmə qərarını pozmursunuzsa, öz-özlüyündə oğurluq sayılmır. Şəxsiyyət vəsiqənizi və uşaqların sənədlərini aidiyyəti qurumlardan təkrar ala bilərsiniz. Boşanma, uşaqların sizinlə qalması və aliment barədə tələblərlə ilkin mediasiya sessiyasından sonra məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur. Vəkil Qulam İsmayılzadə
  • Bebiwov Aynur 2026-09-05 11:19:28

    Salam men bowanma ərizəsi vermək istəyirəm. Səbəb olaraq ailə içi şiddet, zorakılıq, təhqir, alçaltma və s var. Amma sübutum yoxdu. Bu təsdiqləməyə. Bu halda necə olacaq?. Və mənim nigah Şəhadətnamə həmin wexsdedi mənə vermir. Nigah şəhadətnaməsi olmadan bowanma verə bilərəmmi? 2 övladım var 8ve 7 yawinda onlar kimdə qalacaq? Mende qalmasını istəyirəm. Həmin şəxs məsələni uzadır. Razılaşma vermiyeveyini söyləyir

    Salam. İki azyaşlı uşağınız olduğuna görə nikah yalnız məhkəmə qaydasında pozulacaq və həyat yoldaşınızın razı olmaması boşanmağa mane olmur, yalnız prosesi uzada bilər. Nikah şəhadətnaməsi sizdə olmadıqda ASAN xidmətdən təkrar şəhadətnamə və ya arayış ala bilərsiniz. Uşaqların kimin yanında qalmasını məhkəmə onların mənafeyini, yaşını, valideynlərə bağlılığını və yaşayış-tərbiyə şəraitini nəzərə alaraq müəyyən edir. Zorakılıq barədə tibbi sənəd olmasa belə, mesajlar, səs yazıları, şahidlər, polis müraciətləri və digər sübutları toplayın; təhlükə davam edirsə dərhal polisə müraciət edin və mühafizə orderi istəyin. Vəkil Qulam İsmayılzadə
  • Lale 2026-08-14 13:09:17

    salam. Mən özüm iddia ərizəsi hazırlayıb digər sənədlərlə birgə məhkəməyə təqdim etmişəm.2 sualım var. 1) mediasiyada aliment məbləği və uşağın kimdə qalması barədə razılıq olub, barışıq sazişi imzalanıb. mən iddia ərizəsində yenidən alimentlə bağlı heç nə yazmadım, çünki deyildi ki, bütün bunlar artıq mediasiyada həll edilib. hakim ancaq nikahın pozulmasını təmin edə bilərmi? çünki son olaraq müraciətdə o istək yazılmamışdı.2ci sualım isə mediasiyadakılar mənə deyir ki sizə düz deməyiblər məhkəmədə, siz iddia ərizisi həm də e-məhkəməyə yükləməlisiniz. amma məhkəmə sənəd qəbulunda mənə nəsə demədilər və sənədlər qəbul etdilər. mən yenə də iddia ərizəsini yükləməliyəm sayta? öncədən təşəkkür edirəm

    Salam. 1) Bəli, mediasiyada aliment və uşağın yaşayış yeri üzrə barışıq sazişi bağlandığı üçün məhkəmə iddia ərizənizdə göstərdiyiniz tələb çərçivəsində yalnız nikahın pozulması məsələsinə baxacaq və barışıq sazişini işə əlavə edərək nəzərə alacaqdır. 2) İddia ərizəsini və sənədləri kağız üzərində məhkəməyə təqdim etmisinizsə və sənədlər rəsmi qeydiyyata alınıbsa, onları e-məhkəmə portalına təkrar yükləmək məcburi deyil (məhkəmə dəftərxanası işi özü sistemə daxil edir); lakin gələcəkdə işin gedişatını, bildirişləri və qərarları rahat izləmək üçün "e-mehkeme.gov.az" portalında şəxsi kabinetinizə daxil olaraq işə elektron çıxış əldə etməyiniz tövsiyə olunur. Vəkil Qulam İsmayılzadə
  • Gulzar Iskenderova 2026-06-23 14:10:46

    Salam. Men rayon qeydiyyatiyam qarsi terede rayon qeydiyyatidi ferqli rayonlardi . Bakida bosanmag mumkundur ? Usag yoxdur. Qarsi teref asan xidmete gelmedi olkeni terk edib . Mene komeklik ede bilersiz?

    Aleykum salam. Qarşı tərəf ölkəni tərk etdiyi və ASAN Xidmətə gəlmədiyi üçün boşanma yalnız məhkəmə qaydasında mümkündür; Bakıda müvəqqəti qeydiyyatınız və ya faktiki yaşayışınızı təsdiqləyən sənədlər olduqda Bakıdakı aidiyyəti rayon məhkəməsinə, əks halda isə cavabdehin ölkədəki sonuncu məlum yaşayış yeri üzrə rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Məhkəmə xarici ölkədə olan cavabdehə müvafiq qaydada bildiriş göndərdikdən və ya son yaşayış yeri üzrə elan verdikdən sonra uşaq olmadığından boşanma prosesini qiyabi qaydada yekunlaşdıra bilər. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz